Premyer Liqada rekord rəsmiləşdi: Latviyalını litvalı dayandırdı
20.12.2010 - 10:30
Premyer Liqada rekord rəsmiləşdi: Latviyalını litvalı dayandırdı
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevin “quru seriya”sı qırılıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının son 10 oyununda qapısından qol buraxmayan latviyalı XVIII turun AZAL-la qarşılaşmasında topu tordan çıxarmağa məcbur olub.

Doroşev digər Baltikyanı ölkə təmsilçisi – litvalı hücumçu Qvidas Yuşkanın 45+5-ci dəqiqəsində vurduğu qola üzülüb. Bunadək Pavelə sonuncu qolu Emin İmaməliyev vurmuşdu. O, hələ VII turun “Qəbələ” – “Qarabağ” görüşünün 83-cü dəqiqəsində fərqlənmişdi.

Cari mövsümün quru rekordunu çoxdan müəyyənləşdirən Doroşevin göstəricisi 952 dəqiqədə dayandı. O, rekordunun rəsmiləşdiyi anda ən yazın izləyicisi Kamran Ağayevdən 231 dəqiqə uzaqlaşa bilib.

Mövsümün ən uzun 5 quru seriyası

1. Pavel Doroşev (“Qəbələ”) – 952
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Cahangir Həsənzadə (AZAL) – 455
5. Rauf Mehdiyev (“Neftçi”) – 432