Mirça Rednik azarkeşlərdən üzr istədi
23.12.2010 - 19:40
Mirça Rednik azarkeşlərdən üzr istədi
“Qarabağ”la matçda səviyyə fərqi özünü göstərdi. Rəqibin oyunu çox xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis cari mövsümdə çalışdırdığı komanda ilə ilk ev məğlubiyyətini bu il son turda “Qarabağ”la görüşdə aldı –1:2. Halbuki, lənkəranlılar I dövrənin son turunda rəqibinə səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi. Məğlubiyyətlə zirvəni ən prinsipial rəqibi “Neftçi”yə verən “Xəzər Lənkəran”ın “ağ-qaralar”ın qış çempionu olması ilə barışdı.

Rednik “Qarabağ”ın qələbəsini layiqli sayaraq, onun intizamlı oynadığını bildirib: “Rəqibin futbolçuları baş məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Rauf Əliyevin oyunu çox bəyəndim. O, Azərbaycanda gördüyüm ən yaxşı hücumçudur. Bu heyətlə qış fasiləsinə lider “Neftçi”dən cəmi 1 xal geridə yollandıq. Məncə, bu, pis nəticə deyil. Ancaq azarkeşlərimizdən bugünkü məğlubiyyətə, layiqli oyun göstərə bilmədiyimizə görə üzr istəyirəm. Çempionluq uğrunda mübarizə bitməyib. Marafon hələ qabaqdadır”.