Rumıniya çempionu “Xəzər Lənkəran”ın maraq dairəsində - FOTO
24.12.2010 - 11:32
Rumıniya çempionu “Xəzər Lənkəran”ın maraq dairəsində - FOTO
Daha bir rumıniyalı futbolçu “Xəzər Lənkəran” klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, “Styaua”nın üzvü Marius Onofraş karyerasını ölkəmizdə davam etdirə bilər.

30 yaşlı sağ cinah yarımmüdafiəçisinin “Xəzər Lənkəran”a keçməsi Buxarest təmsilçisinin prezidenti Cici Bekali ilə lənkəranlıların rumıniyalı baş məşqçisi Mirça Rednik arasında aparılacaq müzakirələrdən asılıdır.

Kiprin AEL klubunun da maraq dairəsində olan Onofraş o qədər də bahalı oyunçu deyil. Əvvəl kiprlilərdən 100 min avro tələb edən Bekali sonradan qiyməti aşağı salmalı olub. Belə ki, “Styaua” rəhbərliyi oyunçusu üçün cəmi 25 min avro istəyir.

Qeyd edək ki, əvvəllər “Politexnika”, “Braşov” və “Unirea”nın şərəfini qorumuş Onofraş 2008/09 mövsümündə Rumıniya çempionu olub. Lakin onun “Styaua” karyerası alınmır. O, bu ilin yayında keçdiyi klubun əsas komandasında cəmi 1 matça çıxıb.