Dovşanın torbasında gətirdikləri
30.12.2010 - 12:13
Dovşanın torbasında gətirdikləri
Gələn il Azərbaycan futbolu 100 yaşını qeyd edəcək. Yubiley ili futbolumuzun tarixində 9-cu dovşan olacaq. Apasport.az saytı yubilyar dovşanın böyük qardaşlarının futbolumuza nə bəxş etdiyini araşdırıb.

Maraqlıdır, görəsən Şaxta Baba geyimində bəzənən dovşan öz torbasında bizə nə gətirib?

1915
Cəmi 4 yaşı olan “körpə” hələ yeni, kövrək qədəmləri ilə gəzdiyindən Bakıdan kənara çıxmamışdı. Bu səbəbdən də həmin vaxt yalnız paytaxtda futbol komandaları var idi. Elə şəhərin çempionatı da yeganə yarış idi. Ardıcıl 3-cü dəfə çempion olan “İdmançı” 5-ci dəfə keçirilən yarışın qalibi oldu.

1927
Bakı şəhər yığması müxtəlif ümumittifaq yarışlarda iştirak etsə də, futbolumuzda nisbi sakitlik hökm sürürdü. Nə paytaxt, nə respublika, nə də ölkə birinciliyi keçirilirdi.

1939
Dovşan ilk dəfə SSRİ çempionatına şahid oldu. Sayca 4-cü ittifaq birinciliyində bütün Azərbaycanın əsas ümidləri “Temp”lə bağlıdır. Ölkə birinciliyinin B qrupunda yarışan təmsilçimiz birinci dəstənin 5-ci komandası oldu. SSRİ kubokunda isə 1/4 finaladək irəliləməyi bacardı.

1951
Yenə ən yaxşı komandamız SSRİ çempionatının 1-ci dəstəsində, yəni B qrupunda oynayırdı. Ələkbər Məmmədov, Vladimir Karmayev kimi əfsanələrə malik “Neftçi” burada yalnız 4-cü yeri tutdu. Ölkə kubokunda isə 1/16 finalda dayandı.

1963
Azərbaycan futbolunda yeni rekord: təmsilçimiz SSRİ çempionatları tarixində ilk dəfə güclülər dəstəsinin 10 ən yaxşısı arasında. Ələkbər Məmmədovun baş məşqçisi olduğu “Neftçi” kubokun 1/16 finalında dayansa da, çempionatda 8-ci yeri tutdu. Həmin vaxtadək belə nailiyyətə həsrət futbolumuz Anatoli Banişevski, Kazbek Tuayev, Yuri Kuznetsov, Valeri Hacıyev, Eduard Markarov kimi dahilər bu uğurda pay sahibləri idi.

1975
Yenə dovşanla I dəstədə qarşılaşdıq. Ən yaxşımız olan “Neftçi” SSRİ çempionatının aşağı dəstəsində yalnız 5-ci yeri tutdu. Valentin Xlıstovun baş məşqçisi olduğu komandada Anatoli Banişevski və Nikolay Smolnikov, Sergey Kramarenko kimi təcrübəlilər də var idi.

1987
SSRİ çempionatlarındakı son dovşan və son uğur. “Neftçi” 16 illik fasilədən sonra güclülər dəstəsində ilk “onluğ”a düşdü. Ağasəlim Mircavadov bunu bacaran son baş məşqçi kimi futbol tariximizə adını yazdırdı. Aleksandr Jidkov, Arzu Mirzəyev, Şakir Qəribov, Əsgər Abdullayev, Rasim Abışov, İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər Cavadov, Nazim Süleymanov, Vəli Qasımov kimi oyunçular bu uğurun memarları arasında idi. Aşağı dəstələrdə vurnuxan digər komandalarımız isə yenə heç nə ilə yadda qalmadı.

1999
Dovşan həyatında ilk dəfə müstəqil Azərbaycan futbolu ilə qarşılaşdı və görmədiyi günlər yaşadı. Düzdür, Əhməd Ələsgərovun futbolumuza qayıdışı, yığmamızın Portuqaliya ilə Bakıdakı heç-heçəsi, “Gəncə”nin ardıcıl 2 dəfə çempion olan ilk Azərbaycan klubu olması, Ağasəlim Mircavadov xeyli uğurlar qazanacağı “Şəmkir”ə təyinatı da ilin hadisələri idi. Lakin dovşan elə şeylər də gördü ki... Portuqaliya ilə həmin matçda işıqlar söndü və görüş ertəsi gün keçirildi. Yaxşı ki, qaranlıqda dovşanın ürəyi partlamadı və o, 12 ildən sonra qayıtdı. Elə həmin portuqaliyalıların yığmamızın qapısını aşsüzənə döndərməsi (7:0) də bu yazıq heyvanın gözləri qabağından silinmir. AFFA prezidenti Fuad Musayevlə klublar arasında ciddi qalmaqal yarandı. “Turan”la “ANS-Pivani”ni çempionata buraxmayan AFFA-nı UEFA-nın müdaxiləsi ilə haqq yoluna gətirmək mümkün oldu. Bu səbəbdən çempionatda yayın sonu yox, payızda başladı. Əslində, başlamağına da dovşan şükür etməlidir.

2011
Tarix göstərir ki, dovşan ilində az-çox uğurlar olur. Yeni ildən müvəffəqiyyətli çıxışlar gözləməyə dəyər. Lakin son belə nailiyyətlərin (1987-dəki 9-cu yer və Portuqaliya ilə 1999-cu ildəki heç-heçə) memarları iş başında deyil. Ələsgərovun bu yaşında onun geri qayıdışı mümkünsüz görünsə də Mircavadovun dovşanı ram etmək üçün qayıtmasına ümid etmək olar. Yəqin ki, dilini bildiyi dovşanı yenidən “yola gətirə bilər”.

Vüqar XEYRULLAYEV