“Gəncə” millinin sabiq oyunçusu ilə anlaşdı
13.01.2011 - 19:00
“Gəncə” millinin sabiq oyunçusu ilə anlaşdı
Heyətini gücləndirməyə çalışan “Gəncə” transfer çalışmalarını davam etdirir. Əyalət təmsilçisi artıq bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə apasport.az saytına açıqlamasında klubun prezidenti Elmir Əliyev bildirib ki, yayda “Qəbələ”yə keçən, amma özünü yaxşı tərəfdən göstərə bilməyən və ehtiyatda qalan Asəf Qədiri qarşıdakı 1,5 ildə “Nizami yurdu”nun təmsilçisinin formasını geyinəcək.

“Xəzər Lənkəran”ın transferə çıxardığı Xaqani Məmmədovla danışıqlar isə davam edir. Təcrübəli oyunçu ilə hələlik müqavilə imzalanmayıb. Əliyev yaxın günlərdə “Gəncə”yə görə “Muğan”dan ayrılan və demək olar, arxada qalan dövrədə futbol oynamayan Vüsal Hüseynovla da anlaşacaqlarını vurğulayıb.

Bu arada əvvəlcə heyətdən kənarlaşdırıldığı söylənilən, ancaq sonradan müqaviləsini uzatmağı düşünən Armand Feultçinenin yaxın günlərdə klubun hazırlığına qoşulacağı gözlənilir. Klub prezidenti futbolçunun gecikməsini Avropada hökm sürən əlverişsiz hava şəraiti üzündən aviareyslərin təxirə salınması ilə izah edib.