Bizim “Maradona” kirayədə yaşayır
14.01.2011 - 00:01
Bizim “Maradona” kirayədə yaşayır
“Azərbaycanlı futbolçulardan yalnız İlham Məmmədovu tanıyıram. O da bizim şəhərdə - Bilefelddə qalır”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Almaniyanın “TUS Dornberq” klubunun futbolçusu Uğur Pamuk deyib.

4-cü Bundesliqada oynayan, əslən Azərbaycandan olan 22 yaşlı sağ cinah yarımmüdafiəçisi Almaniyada yeganə futbolçu bildirib ki, İlham Məmmədovu çox yaxından tanıyır.

41 yaşlı Məmmədov futbolçu karyerasını 2006-da məhz “TUS Dornberq”də bitirib. Moskva “Spartak”ı və Rusiya yığmasında çıxışı ilə tanınan Ramiz Məmmədovun əmisi oğlu olan İlham 10 ildən artıqdır vətəni tərk edib. Uğur həmin vaxtdan Almaniyada yaşayan Məmmədovla mütəmadi görüşdüyünü söyləyir: “İlhamı bizimlə bir dostumuz tanış etmişdi. Dedi ki, bu da azəridir. O, komandamızda oynayıb. İlham harada oynadığımı soruşdu, mən də anlatdım. Bundan sonra əlaqəmiz yarandı. Məmmədovu tez-tez görürəm, danışırıq. Bir yerdə oyunları izlədiyimiz vaxtlar olub. Mən matça baxanda yanımda oturub. İlham ailəsi ilə birgə Almaniyada yaşayır. Bizneslə məşğuldur, bir firmada çalışır. Orada kirayədə yaşayır. Almaniyada ev almaq çətindir. Məmmədovun oranın vətəndaşlığını alıb-almadığını bilmirəm”.

Pamukun sözlərinə görə, soydaşından Azərbaycana getməklə bağlı təklif almayıb: “İlham indiyədək oyunuma da baxmayıb. Ara-sıra məşqlərim olmayanda onun oyunlarını izləməyə getmişəm. İlham bizdə çox tanınır, sevilir. Həm yaxşı futbolçu olub, həm də xarakterinə görə çox yaxşı insandır”.

Qeyd edək ki, “Maradona” ləqəbi ilə tanınan İlham “Turan”, “Kəpəz”, “Neftçi”də və yığmamızda oynayıb. Solaxay yarımmüdafiəçi Azərbaycan çempionluğu və kubokunu qazanıb.

Mehman SÜLEYMANOV