“Hər şey Rəşad Sadıqovun özündən asılıdır” - MÜSAHİBƏ
14.01.2011 - 00:26
“Hər şey Rəşad Sadıqovun özündən asılıdır” - MÜSAHİBƏ
Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğunun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Yığmamızın kapitanı olan Rəşad Sadıqov haqda nə deyə bilərsiniz?
- Rəşad yetərincə yaxşı futbolçudur, məşqlərdə çox çalışır. Təbii ki, zədə ilə bağlı problemi olub. Ancaq indi çox istəklidir. Həm komandamızın formasını daşımaq, həm də qardaş ölkə Azərbaycanı burada yaxşı təmsil etmək naminə var-gücü ilə çalışıb, istəyinə nail olmağa can atır. Meydana çıxdığı görüşlərdə çox yaxşı oynadı, gözəl işlər gördü. Bu üzdən də Rəşadla qürur duyuruq.

- “Əskləşəhərspor”un hədəfləri nədir?
- Biz gəldiyimiz zaman komandanın 8 turdan sonra 2 xalı vardı. Turnir cədvəlinin sonunda gedirdi, qələbəsi yox idi. Son 10 oyunda isə yalnız 1 dəfə udub, göstərdiyi oyunla hər kəsin rəğbətini qazanan bir “Əskişəhərspor” oldu. Mövsümün ikinci yarısında gördüyümüz işlərlə yuxarı pillələrə çıxmağa, cari mövsümdə ən azı oralarda olmağa çalışan bir komanda olacaq. İnşallah, yeni mövsümdə isə əvvəl Avroliqaya, sonra çempionluğa doğru gedən yolun təməlini qoyub, bunu qazanmaq istəyirik.

- Bütün bu hədəflərin içərisində Rəşad ola bilərmi? Onu həmin vaxt rəhbərliyiniz altında görməyi düşünürsünüz?
- Təbii ki, bu, özündən asılıdır. Onun hansı formada olması buna aydınlıq gətirəcək. Şübhəsiz ki, Rəşad Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bildiyiniz kimi, Azərbaycan yığmasının heyətində Türkiyəyə gözəl qol vurdu. Bununla da milli komandanızın tarixində Türkiyəni ilk dəfə yenməsinin səbəbkarı oldu. Bu arada ötən ilin ən yaxşı futbolçusu seçildi. Sadıqov Azərbaycan üçün önəmli futbolçudur. Əgər düşündüklərimiz edərsə, təbii ki, bizimlə olacaq.

- İndi futbolsevərlərimizi əsas maraqlandıran Rəşadın zədədən sonra əsas heyətə nə vaxt dönəcəyidir...
- Biz Rəşadı əsas heyətdə görmək istəyirik. Ona inamımız böyükdür. Sadəcə, aldığı zədə Sadıqovu geri saldı. Komandamızda əsas heyətə düşmək uğrunda güclü rəqabət var. Rəşad tələblərimizə cavab verərsə, səviyyəsini artırıb, rəqabətdən qalib ayrılarsa, start heyətində yer alacaq. Belə bir gerçək var ki, Azərbaycanda futbol tam anlamda inkişaf etməyib. Təəssüf ki, bu, belədir. İnkişaf üçün doğru plan, proqram sistemini qurmaq lazımdır. Azərbaycan futbolunu anlayacaq, aşağı yaş qrupları ilə bağlı layihələri həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var. Bunu edəndən sonra Azərbaycan futbolu da dünya markası olmaq yolunda çox böyük addımlar atacaq. Dolayısı ilə bu çatışmazlıqları Azərbaycandan gələn bəzi futbolçular yaşayır. Misal üçün, Rəşad da bununla üzləşib. Ancaq o, əzmkarlığı, yüksək ustalığı sayəsində bunu hiss etdirmir. İnşallah, səviyyəsini artıraraq, dediyimiz hədəflərə çatmaq üçün bizimlə birgə olacaqdır.

- Sizə Azərbaycan klublarından dəvət gəldimi?
- Şəxsən mən orada çalışmağı çox istədim. Bir ara işsiz qalanda, “Sivasspor”dan ayrılandan sonra xüsusilə ölkə kənarında komanda çalışdırmaq istəyirdim. Menecerlər vasitəsilə Azərbaycandan 1-2 təklif gündəmə gəldi. Təəssüf ki, təmas yarada bilmədik və bu üzdən əməkdaşlıq gerçəkləşmədi. Ancaq Azərbaycanda işləməyi istəyərəm. Xüsusilə, uşaq futbolunu inkişaf etdirmək, işləri düzgün qurmaq, orada gənc futbolçuları yetişdirmək mənim üçün daha həyəcanlı olar. Açığı, hədəfi olan bir komandanı çempion edib, onu Avropada gözəl yerlərə daşımaq istəyərəm. Bizə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Azərbaycandakı bütün qardaşlarımıza salamlarımı çatdırın.

Mehman SÜLEYMANOV