Bülənt Uyğun bəyəndiyi futbolçularımızın adlarını açıqladı
14.01.2011 - 01:20
Bülənt Uyğun bəyəndiyi futbolçularımızın adlarını açıqladı
Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğunun bəyəndiyi azərbaycanlı futbolçuların adlarını açıqlayıb. Uyğun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında milli komandamızın gənc futbolçularının diqqətini cəlb etdiyini bildirib. Onun sözlərinə görə, futbolçusu olan Rəşad Sadıqovun millimizdəki komanda yoldaşları – “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevlə “Qarabağ”ın hücumçusu Rauf Əliyevin oyunu xoşuna gəlib: “Azərbaycanda bəyəndiyim, Superliqada oynaya biləcək futbolçular var. Ancaq adlarını xatırlamıram. 2-3 gənc futbolçu var ki, onları izləyib, bəyənmişdim. Əgər daha da artırarlarsa, Türkiyədə oynaya bilərlər. Bir hündürboylu hücumçunuz var. Hə, yadıma düşdü, adı Raufdur. Digəri Arazdır. Onu da bəyəndim, İngiltərənin “Everton” klubuna keçidindən xəbərim var. Onlar istedadlı futbolçulardır və çox rahatlıqla burada oynaya bilərlər. İnşallah, belə bir çox futbolçunuz da Türkiyədə, yaxud Avropada çıxış edərlər. Azərbaycanı tanıdar, futbolunuzu daha irəli apararlar”.

Qeyd edək ki, Uyğun uzun illər çalışdırdığı “Sivasspor” klubunda yığmamızın sabiq futbolçusu İlqar Qurbanovla işləyib.

Mehman SÜLEYMANOV