Sərvət Çətinin azərbaycanlı arzusu
14.01.2011 - 00:20
Sərvət Çətinin azərbaycanlı arzusu
“Qalatasaray” klubunun futbolçusu Sərvət Çətini azərbaycanlı oyunçunu Türkiyəyə gətirmək istəyib. Almaniyanın “TUS Dornberq” klubunun əslən azərbaycanlı futbolçusu Uğur Pamuk apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, Çətin onu Bank Asiya 1-ci divizion təmsilçisi olan “Kartalspor” klubuna gətirmək fikrində olub: “Sərvətlə tanışlığım var. Xalam oğlu Kölndə qalır. Sərvət ora gedəndə qonağı olurdu. Xalam oğlu da bu zaman məni yanına çağırırdı. Beləcə tanış olduq və ara-sıra görüşmüşük. Sərvətin da bizim kimi, əslən İğdırdan olduğunu bilirəm. Ancaq onunla azərbaycanlı olmağı haqda heç danışmadıq. Sadəcə, futbolla bağlı söhbətləşdik. Çətin məni keçən il “Kartalspor” klubuna gətirmək istəyirdi. Qardaşı oranın əvəzedici komandasında məşqçi idi. Ancaq nə oldusa, məni aramadığından, “Kartalspor”un düşərgəsinə getmədim”.

Mehman SÜLEYMANOV