Əfran İsmayılov dostuna səsləndi
23.01.2011 - 03:07
Əfran İsmayılov dostuna səsləndi
“Ərdəmirspor”la oyun cəmi bir hissə oldu. Rəqib zəif olduğu üçün ikinci hissədə onlarla deyil, öz aramızda ikitərəfli oyun keçirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Uzun fasilədən sonra komanda ilə birgə məşqlərə başlayan futbolçu əvvəlki formasını bərpa etməyə çalışır. Dünən keçirilən oyuna toxunan yarımmüdafiəçi rəqibin zəif olduğunu əsas gətirərək, fasilədən sonra öz aralarında oynamağı üstün tutduqlarını deyib: “Birinci hissədə onların qapısından 7 cavabsız top keçirdik. Fasilədə Qurban müəllim dedi ki, rəqib çox zəifdir, onlarla oynamağın mənası yoxdur. İkinci hissədə öz aramızda oyun keçirəcəyik”.

Top üçün darıxdığını qeyd edən futbolçu ikitərəfli oyunda da iştirak edib: “Əvvəllər daha çox darıxırdım. Artıq topla məşqlərə başlamışam. Hətta oyunlarda da iştirak edirəm”.

Komandasının Türkiyədə keçirdiyi təlim-məşq toplanışını da dəyərləndirən yarımmüdafiəçi bunun bəhrəsini çempionatda görəcəklərini vurğulayıb: “Hər şey yaxşıdır. Normal hazırlıq keçmək üçün komandaya yaxşı şərait yaradılıb. Məşqlər də yaxşı keçir. Gündə iki dəfə məşq edirik. Əvvəllər fiziki hazırlığa çox yer verirdik. Artıq taktiki çalışmalara önəm veririk. Qalıb indi çempionatda yaxşı çıxış etmək və avrokuboklara vəsiqə qazanmaq. İnşallah, buna nail olacağıq. Əsas odur ki, toplanışı zədəsiz başa vuraq”.

Bu günlərdə “Qarabağ” rəhbərliyi yayda “Əskişəhərspor”la müqavilə imzalayan Rəşad Sadıqovu yenidən komandaya qaytarmaq niyyətindədir. Bununla bağlı klubun vitse-prezidenti Tahir Gözəl mövqeyini baş məşqçi Qurban Qurbanova bildirib. Təbii ki, dostunun yenidən Ağdam klubuna mümkün dönüşünə toxunana İsmayılov Rəşadın düzgün qərar verəcəyinə inanır: “Bu haqda mən də mətbuatdan oxumuşam. Rəşad təcrübəli futbolçudur. Onun hazırkı situasiyanı düzgün dəyərləndirəcəyinə inanıram. Mənim fikrimə gəldikdə, “Qarabağ” üçün önəmli futbolçu olduğuna görə, qayıtmasını istəyirəm”.

Gənc futbolçu digər yandan dostunun legioner həyatı yaşamasını da istəyir. Çünki onun Türkiyədə uğurlu çıxışı gənclərimiz üçün də yol aça bilər: “Digər yandan xaricdə oynaması yaxşı olardı. Həm yığma komanda baxımından, həm də onun uğurlu çıxışı millimizin digər üzvlərinə marağın artmasına gətirib çıxaracaq. Sonda qərarı özü verəcək. Xeyirlisi olsun”.