Georgi Nikolov: Futbolçumuzu icarəyə verməyə hazırıq
04.02.2011 - 17:39
Georgi Nikolov: Futbolçumuzu icarəyə verməyə hazırıq
“İnter” litvalı bombardiri Robertas Poşkusu transferə çıxarır. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Georgi Nikolov təcrübəli hücumçunun başqa komandaya keçidi ilə bağlı danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Poşkus 2009-cu ilin yayından şərəfini qoruduğu, Azərbaycan çempionu olduğu “İnter”in qış fasiləsindəki hazırlığına qatılmadı. Bunu ailə problemləri ilə əlaqələndirən yığma hücumçusu yenicə Bakıya qayıdaraq, prezidentlə gələcək taleyi ilə bağlı söhbətləşib. Gürcü baş məşqçi Kaxaber Sxadadze hazırlığa, “Birlik kuboku”na qatılmamaqla, onları pis vəziyyətdə qoyan Poşkusun xidmətində maraqlı deyil. Belə olan halda, “İnter”in əvəzedici komandasında yer alan 33 yaşlı legioner hazırlığını orada davam etdirir.

Nikolovun sözlərinə görə, Poşkusla müqavilələri olduqlarından, elə-belə yollarını ayıra bilməzlər: “Ancaq maraq olarsa, bunu dəyərləndirə bilərik. Robertasla hələ il yarımlıq müqaviləmiz var. Onu başqa kluba icarəyə verməyimiz mümkündür. Bu, danışıqlar nəticəsində elə ola bilər ki, həmin klub icarədən sonra Poşkusun transfer hüquqlarına birdəfəlik sahib çıxsın. Ancaq hələlik hücumçu ilə bağlı bizə müraciət olmadığından, kiminləsə danışıq aparmamışıq. Məncə, biz bu vəziyyətdən çıxış yolu tapacağıq”.

Mehman SÜLEYMANOV