Hafiz Məmmədov: Həmin vaxt komandanın durumu çox çətin idi
04.03.2011 - 16:50
Hafiz Məmmədov: Həmin vaxt komandanın durumu çox çətin idi
“Bakı” klubunun prezident Hafiz Məmmədov bu gün brifinq keçirib. AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Məmmədov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Komandanızın hazırkı çıxışını, son oyunlarını necə qiymətləndirərdiniz?
- Bildiyiniz kimi, komandaya yeni baş məşqçi dəvət olunub. Latviyalı Aleksandr Starkova çox böyük etimad göstərilir. O, işinin peşəkarıdır. Mənə elə gəlir ki, inşallah, Starkovun rəhbərliyi altında “Bakı”nın oyunu öz səviyyəsinə çatacaq.

- “Bakı”nın “Qəbələ” ilə kubokdakı səfər oyunundan razı qaldınız?
- Elə də yox. Ancaq yenə deyirəm ki, gündən-günə inkişaf görsənir. Starkovun işinə inam böyükdür. “Bakı” getdikcə səviyyəsini artırır.

- Almaniyalı sabiq baş məşqçiniz Vinfred Şaferlə ayrılmağınız bir az uzun çəkdi. Onunla necə ayrıldınız?
- Şafer öz istəyi ilə getdi. Həmin vaxt komandanın durumu çox çətin idi. İndi yeni komanda qururuq.

- Braziliyalı futbolçularınız Jaba ilə Leandro Roşa qış hazırlığında cəzalanmışdı. Sonradan onlar bağışlandılar...
- Jaba komandamızın ən yaxşı futbolçularından biridir. Onlar doğrudan da uzun yol gəlmişdilər və sonradan bağışlandılar. Bilirsiniz, Jaba mənim sevimli futbolçumdur.

- Hazırda çempionatımızda güclü rəqabət gedir. Bir sıra klublar heyətini gücləndirdi. “Bakı”nın çempionatda, kubokda şanslarını necə qiymətləndirirsiniz?
- Kubokda şansımız var. Çempionatda “altılıq” başlayır. Baxaq görək, hələ heç nə bilmək olmaz. Əsas oyunlar qabaqdadır. Altı komanda var, hamısı da güclüdür. Çempionatımızda güclü rəqabət var.

- “Neftçi” – “Xəzər Lənkəran” oyunu haqda nə deyə bilərsiniz?
- Həmin vaxt ölkədə olmadığımdan, baxmamışam. Bu gün gəlmişəm. Ancaq bildiyimə görə, çox gərgin, maraqlı oyun keçib.

- Bəziləri deyirdi ki, AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında legioner limitinə baxılacaq. Ancaq buna baxılmadı...
- İnşallah, gələn iclaslarda baxarıq. İndi bir şey deyə bilmərəm.

- Vitse-prezidentiniz Tunc Afşar fəaliyyətini davam etdirirmi?
- Afşar hələ ki beynəlxalq məsələlərdə komandaya kömək edir.

Mehman SÜLEYMANOV
0