Alim Qurbanov: Mirça Rednik mənə şans verəcəyini demişdi
10.03.2011 - 00:01
Alim Qurbanov: Mirça Rednik mənə şans verəcəyini demişdi
“Sağ topuğumda zədəm var idi. İndi hər şey qaydasındadır. Sadəcə, buna görə bir müddət məşq etmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov deyib.

Çempionatın qış fasiləsinə qədər Mirça Rednikin ən çox güvəndiyi futbolçulardan olan və bir neçə matçda komandasına qələbə qazandıran yarımmüdafiəçiyə nədənsə son oyunlarda etimad göstərilmir. Futbolçu baş məşqçinin ona “Neftçi” ilə kubokun cavab matçında şans verəcəyini desə də, Qurbanov görüşü ehtiyatda izləyib: “Bu oyunda şans verəcəyini demişdi. Amma meydana buraxmadı. Hazırlaşıram. Baş məşqçinin qərarına müdaxilə edə bilmərəm. Çünki komanda uduzanda səbəbini ondan soruşurlar”.

Qışda heyətini əsasən rumıniyalı futbolçularla gücləndirən “ağ-yaşıllar”da rəqabət artıb. Ancaq yarımmüdafiəçi bunu özü üçün problem saymır. Ümumiyyətlə, o, Rednikin məşq prosesində özünü yaxşı tərəfdən göstərən futbolçulara şans verdiyini qeyd edib: “Bütün oyunlara eyni heyətlə çıxmırıq. Məşqdə kimin necə hazırlaşdığına Rednik nəzarət edir. Həm də əsas heyətdə kimin meydana çıxacağını əvvəlcədən bilmək olmur. Hamı hazırlaşır, nə vaxt şans veriləcəyini gözləyir”.
0