UEFA Azərbaycan yığması ilə bağlı Novruzda qərar verəcək
10.03.2011 - 16:19
UEFA Azərbaycan yığması ilə bağlı Novruzda qərar verəcək
Martın 20-21-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə baş tutacaq yığıncağın gündəliyi açıqlanıb. İclasda baxılacaq məsələlər Azərbaycan komandaları üçün də əhəmiyyət kəsb edəcək.

Belə ki, gündəliyə salınan hər 3 məsələ ölkəmiz üçün də böyük maraq kəsb edir. 1-ci məsələ qarşıdakı - 2011/12 mövsümü üçün qitə kuboklarının əsasnaməsinin təsdiqidir. Burada Çempionlar Liqası, Avroliqa, Superkubok, Qadınların Çempionlar Liqası və futzalçıların UEFA kuboku var. Yəni, 4 futbol və 1 futzal klubumuz təsdiqlənəcək əsasnamə ilə yaxından tanış olacaqlar.

2-ci məsələ isə yığmamızla bağlıdır. Burada 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin hansı formatda oynanılacağı təsdiqlənməlidir. Məhz bundan sonra millimizin Braziliya xəyallarının hansı yollardan asılı olduğu bilinəcək.

Gündəliyin sonuncu məsələsi isə gələn ilki konqresin yerinin keçiriləcəyi məkanla bağlıdır. Ölkəmizdə heç vaxt belə tədbir baş tutmasa da, hər halda, digər 52 ölkə kimi potensial olaraq, namizədlər sırasındayıq.

Qeyd edək ki, bu ilki İcraiyyə Komitəsi martın 22-də Parisin “Qran Pale” sarayında baş tutacaq UEFA-nın 35-ci Növbəti Konqresi ərəfəsində keçiriləcək.
0