Əfran İsmayılov: Millidən kənarda qalmağımda problem yoxdur
15.03.2011 - 16:00
Əfran İsmayılov: Millidən kənarda qalmağımda problem yoxdur
“Milli komandaya çağırılmamağımı normal qarşıladım”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib. Ötən il milli komandamızda uğurlu debüt edən, dərhal qol hesabını açan gənc yarımmüdafiəçi cari çempionatımızın ilk turunda “Neftçi” ilə oyunda ağır zədələnərək, uzun müddətə sıradan çıxdı. Qış fasiləsindən sonra yenidən meydana çıxan İsmayılov qayıdışını “Qəbələ”yə böyük hesabla qalib gəldikləri oyunda (3:0) qolla qeyd etdi. Ancaq “altılığ”ın I turunda “İnter”lə “Şəfa” stadionundakı görüşdə adı ümumiyyətlə, protokola daxil edilməyən Əfran bunu süni örtüklü meydançada oynamağın risk olması ilə əlaqələndirdi.

Milli komandamızın baş məşqçisi Berti Foqts ötən turdan sonra açıqladığı heyətdə İsmayılova yer vermədi ki, bu da onun dönüşünün ən az daha 3 ay yubanması deməkdir: “Millidən kənarda qalmışamsa, problem yoxdur. Yəqin ki, zədədən sonra tam hazır olmamağım nəzərə alınıb. Foqts “İnter” – “Qarabağ” oyununu izləməyə gəlmişdi. Ancaq “Şəfa” stadionundakı görüşdə meydanın vəziyyətinə görə oynamamağım məqsədəuyğun sayıldı. Həkimlər qərara gəldilər ki, riskə getməyək. Ola bilsin ki, Foqts məni oyun görməyim, nəsə olduğunu fikirləşib. İnşallah, gələcək oyunlarda çağırılaram. Yığmamızın növbəti rəsmi oyunlara mövsüm bitəndən sonra olacaq ki, həmin vaxta tam formada olaram. İyunda Qazaxıstan və Almaniya ilə oyunlara qədər tam hazır olub, dəvət alaram”.

Əfran milli komandamızın Belçika ilə çətin səfər sınağından üzüağ çıxacağına inanır: “Millimizə həmin oyunda uğurlar arzulayıram. Son rəsmi görüşümüzdə uğurla oynayıb, Türkiyəyə qalib gəlmişik. Belçika ilə səfər oyununda da qələbə qazanmağımızı istərdik. Ancaq ən pis halda, səfərdən heç-heçə ilə qayıtmağımızı arzulayıram. Belçika ilə görüşdə nəticə qazansaq, çox yaxşı olardı”.

Mehman SÜLEYMANOV
0