“Neftçi” çempion olmağa çox yaxındır” - FOTO
11.04.2011 - 13:19
“Neftçi” çempion olmağa çox yaxındır” - FOTO
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovla görüşüb. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssisin “ağ-qaralar”ın bazasına baş çəkməsinə biganə qalmayan klub rəhbəri onunla görüşərək, fikir mübadiləsi aparıb.

Sadıqov AFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: "Ölkədə bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır. Bir neçə il əvvəllə müqayisədə, istər milli komanda, istərsə də klub səviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son nəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna ciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar qazanacağıq".

Klub başçısına minnətdarlığını bildirən Foqts isə "ağ-qaralar"a gələcək yarışlarda uğurlar arzulayıb: "Neftçi"nin bazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer Liqanın çempionu olmağa çox yaxındır. Ölkə çempionatında və yayda mübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram".

Mənbə: Klubun saytı