Elnur Abdullayev: İndi “Neftçi”nin uduzmasını gözləməliyik
11.04.2011 - 13:44
Elnur Abdullayev: İndi “Neftçi”nin uduzmasını gözləməliyik
“Xal itirə-itirə gedirik. “Qarabağ”la oyun maraqlı keçdi. Hər iki komandanın qol vurmaq üçün imkanları da oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev deyib.

Premyer Liqanın XXVI turunda “Qarabağ”la qolsuz heç-heçə edən “Xəzər Lənkəran” liderlə xal fərqini 4-də endirmək şansını əldən verib. Bunun ancaq “Neftçi”nin xeyrinə olduğunu bildirən yarımmüdafiəçi yeganə çatışmazlıqlarını qol vura bilməmələri ilə izah edib: “Biz heç-heçələri sıralayırıq, ara yerdə “Neftçi” qazanır. Oyuna baxırsan, hər şey var: sürət, qol epizodları və s. Di gəl, qol vura bilmirik, alınmır. İndi “Neftçi”nin məğlubiyyətini gözləməliyik”.

Paytaxt təmsilçisi ilə aradakı 6 xallıq fərqin qaldırılmasının mümkünlüyü barədə də danışan futbolçu qarşıdakı 2 oyundan çox şeyin asılı olduğunu deyib: “Qarşıdakı 2 oyunu evdə keçirəcəyik. Bu oyunlarda mütləq qələbə qazanmalı, “Neftçi”nin isə məğlub olmasını gözləməliyik. Ümid ona qalıb. Əgər son tur ərəfəsində fərq 3 xala ensə, onda “Neftçi”ni özümüz yenəcəyik. Amma buna qədər qələbələr qazanmalıyıq”.