Azərbaycan futbolunda görünməmiş biabırçılıq
14.05.2011 - 10:39
Azərbaycan futbolunda görünməmiş biabırçılıq
Premyer Liqanın XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” oyunu futbol tariximizə düşüb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu titulunu sona 3 tur qalmış təmin edən qonaq komanda Quzanlı Olimpiya Kompleksinin stadionundan 0:3 hesablı məğlubiyyətlə ayrılmaqla, buna nail olub.

Məsələ ondadır ki, mövsümün sonunda qızıl medalları boynundan asan komandalar nadir hallarda çempionluq yolunda böyük hesabla uduzublar. Azərbaycan çempionatları tarixinə nəzər salsaq, 1992-ci ildən indiyədək yalnız 4 dəfə belə hadisə yaşanmışdı. Yəni Quzanlıdakı biabırçılıq gələcək çempionun 5-ci darmadağınıdır.

1992-ci ildə çempion olan “Neftçi” hər biri 2 dövrədən ibarət olan 2 mərhələli çempionatın demək olar ki, əvvəlində biabırçılıqla üzləşmişdi. 1-i mərhələnin 2-ci dövrəsinin startında Sumqayıt “Xəzər”i hələ çempionluqdan çox uzaq olan “Neftçi”ni 3:0 hesabı məğlub etmişdi.

1998/99 mövsümündə isə indikinə bənzər vəziyyət yaranmışdı. “Kəpəz” sona 3 tur qalmış çempionluğu demək olar ki, təmin etmişdi. Çünki rəqibini sona 3 tur qalmış 9 xal qabaqlayan gəncəlilər ən azı “Qızıl oyun”a yüksəlmişdi. Əlavə oyunun olmaması üçün isə onlara 1 xal və ya rəqiblərin hər hansı xal itkisi lazım idi.

2-ci yer uğrunda isə “Neftçi”ylə “Şəmkir” mübarizə aparırdı. Həmin vaxt çempion “Neftçi” ilə səfər oyununda motivasiyasızlığın qurbanı oldu – 0:3. Lakin o vaxt çempion üzərində böyük hesablı qələbə “Neftçi”nin işinə yaramadı və onlar yalnız 3-cü oldu. Maraqlıdır ki, bu dəfə də motivasiyasız çempionu məğlub edən “Qarabağ” hələki 2-ci yer uğrunda mübarizədə “Xəzər Lənkəran”dan geri qalır.

2008/09 mövsümündə isə “Bakı”, ümumiyyətlə görünməmiş halla çempion oldu. Mövsüm boyu 2 dəfə böyük hesabla uduzan paytaxt klubu sonda qızıla qovuşdu. Lakin onlar qızıl medalları təmin etdikdən sonra, motivasiyazıs halda deyil mübarizənin gərgin vaxtında 2 ağır zərbə aldı. Çempionatın startında – 5-ci turda öz meydanında “Karvan”a, mübarizənin gərgin vaxtında – 22-ci turda isə səfərdə “Xəzər Lənkəran”a uduzdular – hər ikisi 0:3.

Göründüyü kimi, ilk dəfə rəsmi çempion böyük hesabla uduzur. Təbii ki, 12 il əvvəl demək olar ki, həmin vəzifənin öhdəsindən gələn “Kəpəz”in də darmadağın öncəsi motivasiyasının qalmadığını söyləmək də olar.