Avrokubok tariximizdə görünməmiş nəticə
10.08.2011 - 15:00
Avrokubok tariximizdə görünməmiş nəticə
Azərbaycan klubları çıxışlarını başa vurduqları avrokuboklarda görünməmiş nəticəyə imza atıblar. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin cari mövsümdə səfərdə vurduqları 8 qol 18 illik avrokubok tariximizdə ən yüksək göstəricidir.

Bunun isə böyük hissəsi - altısı “Qarabağ”ın payına düşür. Ağdam təmsilçisi Avroliqada hər 3 səfər oyununda rəqib qapısına yol tapa bildi. Komandamız “Banqa”ya (Litva) 4, “Streymur”la (Farer adaları) “Brügge”nin (Belçika) hərəsinə 1 qol vurdu.

Ümumiyyətlə, indiyədək komandalarımızdan heç biri bütün mərhələlərdə rəqib meydanında qol vurmamışdı ki, “Qarabağ” bu baxımdan da ilkə imza atdı. Qurban Qurbanovun yetirmələrindən fərqlənənlər Vüqar Nadirov, Rauf Əliyev (hərəyə 2), Rəşad Sadiqov və Bəxtiyar Soltanov oldu.

Səfərdəki digər 2 qolumuza gəlincə, “Xəzər Lənkəran”dan rumıniyalı müdafiəçi Andrey Mureşan “Makkabi”yə Təl-Əvivdə vurdusa, AZAL-a bu işdə rəqibi kömək etdi. Söhbət “Minsk”in avtoqol edən müdafiəçisi Andrey Saviçkodan gedir. O, AZAL-ın mərakeşli yarımmüdafiəçi Zohair Benouahinin Belarusdakı cavab görüşündə zərbəsinə ayağına qoyaraq, topu öz qapısına göndərdi. Maraqlıdır ki, Saviçko növbəti mərhələdə “Qaziantepspor”la ev oyununda da belə “fərqləndi”.

Klublarımızın 2006-cı ildən bu yana avrokuboklarda çıxışına nəzər salsaq, səfər qollarımızda artım tempinin olduğunu görə bilərik. Hazırladığımız statistikaya nəzərə salsaq, bir çox mövsümlərdə rəqib meydanında qol vura bilmədiyimizin şahidi olarıq. Hətta çox vaxt elə olub ki, 4 klubumuz bir mövsümdə tək “Qarabağ”ın səfərdə vurduğu qol qədər fərqlənə bilməyib.

Məlum olduğu kimi, kubok yarışlarında səfər qolunun böyük önəmi var. İki oyuna görə hesab bərabər olanda, məhz rəqib meydanında daha çox fərqlənən komanda mərhələ adlayır. “Qarabağ” cari mövsümdə “Streymur”u məhz bunun hesabına keçdi. Vaxtilə isə “Neftçi”, “Şəmkir”, “İnter” və həmin “Qarabağ”a səfər qolu avrokuboklarda mərhələ adlamağa kömək olub.

1994/95 mövsümü
“Turan” (UEFA kuboku) – səfərdə qol vurmamışıq

1995/06 mövsümü
“Kəpəz” (UEFA kuboku, 1), “Neftçi” (Kuboklar Kuboku) – səfərdə 1 qol vurmuşuq

1996/97 mövsümü
“Neftçi” (1), “Xəzri” (1, hər ikisi UEFA kuboku), “Qarabağ” (Kuboklar Kuboku, 1) – səfərdə 2 qol vurmuşuq

1997/98 mövsümü
“Neftçi” (Çempionlar Liqasında), “Kəpəz” (Kuboklar Kuboku), “Qarabağ” (UEFA kubokunda) – səfərdə qol vurmamışıq

1998/99 mövsümü
“Kəpəz” (Çempionlar Liqası, 2), “Qarabağ” (Kuboklar Kuboku), “Dinamo” (UEFA kuboku, 1), “Bakı fəhləsi” (İntertoto kuboku) – səfərdə 3 qol vurmuşuq

1999/00 mövsümü
“Kəpəz” (Çempionlar Liqasında), “Neftçi”, “Şəmkir” (hər ikisi UEFA kuboku), “Qarabağ” (İntertoto kuboku, 2) – səfərdə 2 qol vurmuşuq

2000/01 mövsümü
“Şəmkir” (Çempionlar Liqası, 1), “Neftçi” (1), “Kəpəz” (hər ikisi UEFA kuboku), “Viləş” (İntertoto kuboku) – səfərdə 2 qol vurmuşuq

2001/02 mövsümü
“Şəmkir” (Çempionlar Liqası), “Neftçi”, “Şəfa” (hər ikisi UEFA kuboku), “Viləş” (İntertoto kuboku) – səfərdə qol vurmamışıq

2004/05 mövsümü
“Neftçi” (Çempionlar Liqası, 1), “Qarabağ”, “Şəmkir” (hər ikisi UEFA kuboku), “Xəzər Universiteti” (İntertoto kuboku) – səfərdə 1 qol vurmuşuq

2005/06 mövsümü
“Neftçi” (Çempionlar Liqası, 2), “Xəzər Lənkəran” (1), “Bakı” (1, hər ikisi UEFA kuboku), “Karvan” (İntertoto kuboku) – səfərdə 4 qol vurmuşuq

2006/07 mövsümü
“Bakı” (Çempionlar Liqası), “Qarabağ” (1), “Karvan” (1, hər ikisi UEFA kuboku), “MKT-Araz” – səfərdə 2 qol vurmuşuq

2007/08 mövsümü
“Xəzər Lənkəran” (Çempionlar Liqası, 1), “Neftçi” (1), “MKT-Araz” (hər ikisi UEFA kuboku), “Bakı” (İntertoto kuboku, 1) – səfərdə 3 qol vurmuşuq

2008/09 mövsümü
“İnter” (Çempionlar Liqası, 1), “Xəzər Lənkəran” (1), “Olimpik” (hər ikisi UEFA kuboku), “Neftçi” (İntertoto kuboku, 2) – səfərdə 4 qol vurmuşuq

2009/10 mövsümü
“Bakı” (Çempionlar Liqası, 2, Avroliqa, 1), “Qarabağ” (2), “İnter” (1), “Simurq” (hamısı Avroliqa) – səfərdə 6 qol vurmuşuq

2010/11 mövsümü
“İnter” (Çempionlar Liqası, 1), “Qarabağ” (4), “Bakı” (2), “Xəzər Lənkəran” (hamısı Avroliqa) – səfərdə 7 qol vurmuşuq

2011/12 mövsümü
“Neftçi” (Çempionlar Liqası), “Qarabağ” (6), “Xəzər Lənkəran” (1), AZAL (1, hamısı Avroliqa) – səfərdə 8 qol vurmuşuq

Mehman SÜLEYMANOV