Qurbanov “Qəbələ”yə qayıtdı
10.08.2011 - 14:55
Qurbanov “Qəbələ”yə qayıtdı
Milli komandamızın sabiq futbolçusu Sənan Qurbanov Qəbələyə qayıdıb. Apasport.az saytının məlumatına görə, 2006/07 mövsümündə “Qəbələ”nin şərəfini qorumuş keçmiş hücumçu bu dəfə komandada məşqçi kimi fəaliyyət göstərəcək. Artıq bir müddətdir karyerasını bitirən 31 yaşlı Qurbanov Qəbələ Futbol Akademiyasında azyaşlı uşaqlara futbolun sirlərini öyrədəcək.

UEFA B kateqoriyasına sahib olan Sənan artıq 1 ildir məşqçi kimi fəaliyyət göstərir. O, ötən mövsüm birinci divizionda çıxış etmiş “Neftçi İSM”də işləyib. Məşqçilik fəaliyyətindən öncə isə “Qəbələ” ilə yanaşı, “Şəfa”, “Qarabağ”, “Dinamo”, “Saypa” (İran), “MKT-Araz”, və “Muğan” klublarında oynamış Qurbanov eyni zamanda həm olimpiya, həm də əsas yığmamızın formasını geyib.

Qeyd edək ki, Qəbələ Futbol Akademiyasında 4 türk mütəxəssislə yanaşı, artıq 9 yerli məşqçi çalışır. Onlar arasında Sənan Qurbanov kimi vaxtilə “Qəbələ”də çıxış etmiş Eldəniz Süleymanovla Şəhruz Mustafayev də var. Onlarla yanaşı, “Neftçi” və “Turan”dakı çıxışları ilə tanınan Hüseynqulu Quliyev, eləcə də yerli məşqçilər – Famil Xəlilov, Sərdar Qafarov, Anar Surxayev, Zaur Hacıyev və Teymur Musayev də akademiyanın məşqçi heyətinə daxildirlər.