Arda Turanın rekordu Azərbaycanda oynayan futbolçuları yada saldı
16.08.2011 - 10:03
Arda Turanın rekordu Azərbaycanda oynayan futbolçuları yada saldı
Arda Turan Madrid “Atletiko”suna keçidi ilə Türkiyə futbolunda yeni rekordçu olub. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın 24 yaşlı yarımmüdafiəçisi 12 milyon avroluq transferi ilə ölkəsindən Avropaya keçən ən bahalı futbolçu adına sahib çıxıb.

İndiyədək rekord “Trabzonspor”dan “Rubin”ə 8,7 milyon avroya transfer olan yarımmüdafiəçi Gökdəniz Karadənizə məxsus idi.

Türk həmkarlarımız Ardanın transferi ilə Azərbaycana yollanan həmyerlilərini də xatırlayıb. Məlum olduğu kimi, qardaş ölkədən Azərbaycana xeyli futbolçular oynamağa gəlib. Onlardan “Xəzər Lənkəran”a gələn Dəniz Kolqu ilə Tunc Kip, “Qarabağ”da oynayan Hakan Dəmir yada salınıb. Hər 3 yarımmüdafiəçi xeyli müddət öncə milli çempionatımızın iştirakçısı olublar.

Qeyd edək ki, Avropaya gedən ilk türkiyəli futbolçu Hakan Şükür olub. Artıq karyerasını bitirən əfsanəvi hücumçu 1995/96 mövsümündə “Qalatasaray”dan İtaliyanın “Torini” klubuna keçib.