“Şotlandiyalı futbolçu ilə 1 illik müqavilə bağlamaq fikrindəyik”
16.08.2011 - 13:18
“Şotlandiyalı futbolçu ilə 1 illik müqavilə bağlamaq fikrindəyik”
Cari mövsümdə avrokuboklara düşməyə iddialı olan “Qəbələ” daha bir legioner transfer edir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş meneceri Zaur Əzizov məlumat verib.

Şotlandiya yığmasının sabiq qapıçısı Qrem Smitin keçidinin gündəmdə qaldığını bildirən Əzizovun sözlərinə görə, 28 yaşlı britaniyalının transferinin əsas təşəbbüskarı ingilis baş məşqçi Toni Adamsdır.

“Adams Smitdən razı qaldığı üçün heyətdə görmək istəyir. Baş məşqçimiz latviyalı əsas qapıçı Pavel Doroşevlə yanaşı, onun da xidmətində maraqlıdır. Hazırda vətənində olan Qremlə 1 illik müqavilə bağlamaq fikrindəyik. Smit sərbəst futbolçu olduğundan, hansısa kluba kompensasiya ödənilməyəcək. Bu məsələyə həftə sonuna kimi tam aydınlıq gələcək” – deyə, Əzizov vurğulayıb.

Məlum olduğu kimi, Qəbələ təmsilçisi “Partizan”ın seneqallı hücumçusu Lamine Diarranın da keçidi ilə bağlı danışıqlar aparır. Baş menecer bu məsələnin açıq qaldığını, legionerin hələ müsbət cavab vermədiyini bildirib. Bu gedişlə Diarranın məsələsinə nöqtə qoyulacaq və “Qəbələ”nin “transfer pəncərəsi”nin bağlanmasına kimi alacağı son futbolçu Smit olacaq.

Qeyd edək ki, ölkəsinin ən məşhur klubu “Reyncers”in yetirməsi olan Qremin möhkəmlənə bilmədiyi bu komandada ən böyük uğuru Liqa Kubokunu qazanması olub. O, vətənində “Mozervell” və “Hibernian”da da oynayıb.

Mehman SÜLEYMANOV