Ceyhun Sultanov: Mən onlarla ayaqlaşa bilmərəm
16.08.2011 - 17:59
Ceyhun Sultanov: Mən onlarla ayaqlaşa bilmərəm
“Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Mövsümə inamla start verdiniz. İlk 2 turda 3 qol vurmaqla, bombardirlər yarışında lider oldunuz. Belə başlanğıc gözləyirdinizmi?
- Çoxları deyirdi ki, Ceyhun az qol vurur, qol vurmağa meylli deyil. Mən də çalışıram ki, qolçuluq bacarığımı göstərim. Bundan sonra da nə qədər bacarıramsa, qol vuracağam.

- Yəni, komandanın uğuru ilə yanaşı, şəxsi göstəricilərinizə də diqqət yetirəcəksiniz...
- Yüzdə yüz belə olacaq.

- Vaxtilə tez-tez qol vursanız da, son illərdə az fərqlənirsiniz. Bu da az oynamağınızla bağlıdır. Futbolçu müəyyən fasilədən sonra yenidən məhsuldar oynayanda, hansı hissləri keçirir?
- Futbolçu qol vurmağa öyrəşəndə, buna istəyi daha da artır. Qol vurmağa daha çox həvəslənirsən və mən də indi belə vəziyyətdəyəm. İstəyirəm ki, hər oyunda qol vurum. Buna istəyim artıb. İlk turda “Rəvan”la ev oyununda dubl etdim. Ardından “Turan”la Tovuzda qol vurmaq istədim və bu, məndə alındı.

- Ancaq futbolçu üçün əsas vəzifə komandasının uğur qazanmasıdır...
- Əlbəttə. Meydana ilk növbədə bunun üçün çıxırıq. Qapıçı ilə təkbətək çıxanda, özüm qol vurmağı yox, daha əlverişli mövqedə olan komanda yoldaşıma ötürmə verməyi xoşlayıram. Mən qol vurmaya da bilərəm. Fərqi yoxdur, mən vurdum, ya başqası, əsas komandamızın qələbəsidir. Sadəcə, imkan düşəndə fərqlənmək istəyirəm.

- Cari mövsümdə hər 3 qolu uzaq məsafədən vurmusunuz. Məşqdə bunun üzərində çalışırsınız?
- Əslində, yarımmüdafiəçi qolu uzaq məsafədən vurmalıdır. Çünki bizim hücumçu kimi qapıçı ilə təkbətək çıxmaq imkanımız az olur. Ona görə də imkan düşdükcə uzaq məsafədən qapıya zərbə vurmalısan.

- Hər halda, vurduğunuz qollarda rəqib qapıçıların səhvlərini də nəzərə almaq lazımdır...
- Razıyam. Ancaq kim səhv etmir ki? Kim qol vurursa, bu, rəqibin buraxdığı səhvin nəticəsidir. “Rəvan”la oyunda qapıçının səhvini görüb, qapıya zərbə vurdum və top tora qovuşdu. Vurduğum qollarda rəqib qapıçıların səhvləri oldu. Onlar belə səhvlərlə fərqlənməyimə kömək etdilər. Sevinərəm ki, qapıçılar yenə səhv etsinlər və mən qol vurum (gülür).

- Çempionatın bombardiri olmaq uğrunda mübarizə aparmaq stimulunuz var?
- Açığı, yoxdur. İnanmıram ki, bombardir olmaq uğrunda mübarizə aparanlarla ayaqlaşım. Çünki çempionatda yaxşı hücumçular var, mən isə yarımmüdafiəçiyəm. Meydanda əsas işim hücumların qurulmasına iştirak etmək, komanda yoldaşlarıma yaxşı ötürmələr verməkdir.

- Bizdə son illər daha çox legionerlər yekunda bombardir olurlar. Öz futbolçularımız fərqlənə bilmirlər...
- Bu, ilk növbədə ona görədir ki, komandalarımızda daha çox legionerlər oynayır. Azərbaycanlı futbolçular meydana az çıxırlar. Çox oynasaydılar, çox da qol vurardılar. Əlbəttə, mən də istərdim ki, bombardir öz futbolçumuz olsun.

- Milli çempionatımızın tarixində ən çox qol vuran 100 futbolçu siyahısındasınız. Hesabınızda 27 qol var və 3 pillə irəliləyərək, 76-cı yerə qalxdınız. Karyeranızın sonunadək neçə qol vurmağı planlaşdırırsınız?
- Bunu dəqiq deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. İmkan daxilində vurduğum qolların sayını artırmağa çalışacağam.

- Ötən əsrin 90-cı illərində oynayan Nazim Əliyev 186 qolla milli çempionatımızın bombardirlər siyahısına başçılıq edir. Sizcə, kimsə ona çata biləcək, yoxsa bu rekord hələ uzun müddət əlçatmaz qalacaq?
- Nazim Əliyevin bu rekordunu kiminsə qıracağına inanmıram.

- Bu məhsuldarlıq nəyin nəticəsidir? Həmin vaxtlar qol vurmaq asan idi, yoxsa?
- İlk növbədə Nazim Əliyevin əməyinin nəticəsidir. O, istedadlı hücumçu olub. Hücumçunun ilk vəzifəsi qol vurmaqdır ki, Əliyev də bunu yaxşı bacarırdı. Sırf hücumçu kimi işi qol vurmaq olub. Yaxşı qol duyumu vardı və əlinə düşən imkanlardan çox yararlanıb. Hücumçu kimi milli çempionatlarımız tarixində öz sözünü deyib. Mən açıq deyirəm ki, indi ölkəmizdə Əliyev kimi hücumçu yoxdur.

- Komandanız cari mövsümdə nəyə ümid edə bilər?
- Sözün düzünü danışan insanam. Biz yaxşı oyun göstərməyə çalışırıq. Ancaq lider komandalarla mübarizə aparmaq çox çətin olacaq.

- “Altılığ”a düşmək uğrunda mübarizə aparacaqsınız?
- Bəli. Qarşımızda duran ilk məqsəd budur. “Altılığ”a düşməyə çalışacağıq. İstənilən halda, liderləri büdrətməyi, onlardan xal almağı səy göstərəcəyik.

- 32 yaşınız olsa belə, milliyə qayıtmaq perspektivinə necə baxırsınız? Daha çox qol vurmaqla, yığmamızın baş məşqçisi Berti Foqtsun diqqətini cəlb edə bilərsiniz?
- Bunu dəqiq deyə bilmərəm. Bir azərbaycanlı kimi yenidən millinin formasını geyinməyə, onun şərəfini qorumağa hazıram. Ancaq son söz baş məşqçiyə məxsusdur. Çağırsalar, canla-başla oynayaram.

Mehman SÜLEYMANOV