Zeynal Məmmədov: Deyilənlər cəfəngiyatdır
17.08.2011 - 09:17
Zeynal Məmmədov: Deyilənlər cəfəngiyatdır
“Simurq”la görüşdəki xal itkisi bizə pis təsir etsə də, ruhdan düşmürük. Mövsüm yeni başlayıb və oyunlar hələ qabaqdadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən mövsüm uğursuzluqla üzləşərək, avrokuboklardan kənarda qalan “zolaqlılar” cari mövsümdə bunu əvəzini çıxmaq iddiasındadır. Yenidən qarşısına çempion olmağı məqsəd qoyan paytaxt təmsilçisi yay fasiləsində heyətini bir sıra tanınmış, yığma futbolçuları ilə gücləndirdi. Ancaq futbolçular hələlik rəhbərliyin göstərdiyi diqqət və qayğının qarşılığını vermir. Komanda arxada qalan 2 oyunda qolsuz bərabərlik edib.

Xüsusilə, ötən tur autsayder “Simurq”la ev oyunundakı nəticə diqqəti çəkən oldu: “Komandanın mövsümə hazırlıq çərçivəsində keçirdiyi yoxlama matçlarında oyununu görmüşdük. Bu oyun nikbinliyə əsas verirdi və “Simurq”la görüşdə qalib gəlməli idik. Biz bunu gözləsək də, zəif oynayan komandamız buna nail olmadı. Uduzmaq olar, ancaq əsas oyundur. Futbolda hətta yaxşı oyunla uduza bilərsən. Biz də komandamızın yaxşı oyun göstərməyini istəyir və bunu növbəti matçda gözləyirik. Qarşıdan “İnter”lə matç gəlir. Futbolçular çıxıb, yaxşı oyun göstərib, cari mövsümdə ilk qələbəni qazana bilərlər”.

Məlum olduğu kimi, komandalar uğursuz çıxış edəndə, baş məşqçi dəyişikliyi haqda çox danışırlar. Ancaq “zolaqlılar” son illərdə bunun tez-tez baş verməsinin əziyyətini çəkiblər. Vitse-prezidentin sözlərinə görə, tələsik qərar çıxarmaq lazım deyil və baş məşqçi dəyişikliyinə hazırlaşdıqları barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: “Bu haqda deyilənlər cəfəngiyatdır. Mövsümün yeni başladığını nəzərə almalıyıq. Tələsik qərar çıxarmaq istəməzdik, gözləmək lazımdır. Belə götürəndə hələ uduzmamışıq, qapımızdan top da buraxmamışıq. Starkov komandanı mövsümə hazırlayıb, heyəti qurub. Biz bunun üçün ona şərait yaratmışıq. Komandamızdan nəticə qazanmaq üçün yaxşı oyun gözləyirik. Bunun reallaşmağını məşqçilərin işinin öhdəsinə buraxmışıq”.

Qeyd edək ki, “Bakı” ötən qış istefaya göndərdiyi almaniyalı Vinfred Şaferin yerinə gətirdiyi Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altında keçən çempionatı 6-cı yerdə bitirdi.

Mehman SÜLEYMANOV