Vladimir Levin Belçika və Qazaxıstanla oyunlara çağırılmayacaq
17.08.2011 - 15:37
Vladimir Levin Belçika və Qazaxıstanla oyunlara çağırılmayacaq
Azərbaycan yığmasının futbolçusu Vladimir Levin Almaniyada müalicə olunur. Apasport.az saytının məlumatına görə, “İnter”in 27 yaşlı kapitanı zədəsi ilə əlaqədar Münhen şəhərindəki klinikada bərpa prosesi keçir.

Milliləşdirilən ukraynalı müdafiəçi hələ ötən ay komandasının heyətində təlim-məşq toplanışı zamanı “Terek”lə (Rusiya) yoxlama oyununda diz bağlarını zədələyib. Artıq 1 aydır yaşıl meydandan kənarda qalan Levin millimizin Bakıdakı təlim-məşq toplanışında, ardından Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edə bilmədi.

Cərrahiyyə əməliyyata ehtiyacı olmayan Vladimir Almaniyada 10 gün bərpa prosesi keçəndən sonra Bakıya qayıdacaq. Müdafiəçi bu ayın sonunda komandası ilə birgə məşqlərə başlayacaq. Ancaq onun həmin müddətdə hazır olmayacağını nəzərə alsaq, millimizin qarşıdakı rəsmi oyunlarını da buraxmalı olacaq.

Bu, Avro-2012-in seçmə mərhələsində sentyabrın 2-də Belçika, 4 gün sonra Qazaxıstanla Tofiq Bəhramov adına Respublika stadionundakı görüşlərdir. Levin ən yaxşı halda yığmamızın cari seçmə mərhələdə son oyunlarına – oktyabrın 7-də Avstriya ilə ev, 11-də Türkiyə ilə səfər matçına çağırıla bilər.

İstənilən halda, “İnter” anlaşması ötən mövsümdən sonra başa çatan kapitanının adını bu ilki iştirak ərizəsinə daxil edəcək. Hələ ki 22 nəfər arasında olmayan Levinlə bağlanan yeni müqavilənin AFFA-ya təqdim olunmağı nəzərdə tutulub. Futbolçu zədəsi ciddi olub, uzun müddətə sıradan çıxacağı halda, onun əvəzinə başqasının sifariş olunmağı daha məqsədəuyğun sayılır.

Qeyd edək ki, Premyer Liqamızda “transfer pəncərəsi” avqustun 31-də bağlanacaq.