2,02 boya malik futbolçu karyerasını bitirdi
17.08.2011 - 18:01
2,02 boya malik futbolçu karyerasını bitirdi
Məşhur çexiyalı futbolçu Yan Koller karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçu yaşıl meydanda çıxışını başa vurmaq haqda qərar qəbul etdiyini rəsmən açıqlayıb.

Bunu zədə ilə əlaqələndirən Koller 2009-cu ildən Fransanın III divizionunda “Kann” klubunda oynayır. Yan dünya futbolunda ən ucaboylulardan biri kimi tanınır. 2,02 metr boya malik çexiyalı 2008-ci il Avropa çempionatında ən hündür və ən ağır çəkili futbolçu olub.

Koller karyerasının ən yaxşı illərini keçirdiyi Dortmund “Borussiya”sının heyətində (2002-06-cı illər) 2002-ci ildə Almaniya çempionu olub. O, habelə vətənində “Sparta”, Fransada “Monako”, Belçikada “Lokeren”, “Anderlext”, Almaniyada “Nürnberq”, Rusiyada “Krılya Sovetov”da oynayıb. Yan millisinin tarixində bombardirdir – 91 oyuna 55 qol. O, yığmada ilk qolunu 1999-cu ilin fevralında 5-də Belçika ilə yoldaşlıq görüşündə vuraraq, komandasına minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, Koller 2 il öncə millimizə Dubayda beynəlxalq turnirdə uduzduqları oyun (0:2) öncəsi yığma karyerasını bitirdiyindən, dəvət almamışdı.