Yunis Hüseynov: İran variantının üstündən xətt çəkməmişəm
17.08.2011 - 23:15
Yunis Hüseynov: İran variantının üstündən xətt çəkməmişəm
“Karvan”dan ayrıldıqdan sonra bir neçə komandanı çalışdırmaq imkanım olub. Ən real variant bu yaxında qarşıma çıxmışdı. İran çempionatında mübarizə aparan bir komandanın baş məşqçisi ola bilərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın "Karvan" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Hüseynov İrandan gələn dəvəti geri çevirməsini belə əsaslandırıb: "Düzü, təklifi yerindəcə müzakirə etmək üçün İrana getmişdim. Onlar məni yaxşı qarşılasalar da, əməkdaşlığa razılıq vermədim. Çünki komandanın təmsil etdiyi şəhərdə futbol çox aşağı səviyyədə inkişaf edib. Düşündüm ki, burada qalıb işləyə bilmərəm. Amma bu İranda çalışmaqdan ümumiyyətlə imtina etmək anlamına gəlmir. İran variantının üstündən birdəfəlik xətt çəkməmişəm. Bu, yenidən gündəmə gələ bilər".

Gənc çalışdırıcı hələlik Azərbaycanda çalışmaq perspektivinin olmadığını deyib: "Azərbaycanda çalışmaq üçün hər hansı bir dəvət almamışam. Ona görə də konkret danışmağa çətinlik çəkirəm".

Qeyd edək ki, Hüseynov "Karvan"dan ayrıldıqdan sonra işsizdir.