Samuel Eto’O Vaqif Cavadovla görüş öncəsi təqdim olunacaq
25.08.2011 - 09:37
Samuel Eto’O Vaqif Cavadovla görüş öncəsi təqdim olunacaq
“Anji”nin ən səs-küylü transferi Samuel Eto’Onun təqdimat mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kamerun yığmasının kapitanının sentyabrın 10-da təqdimat mərasimi olacaq. Həmin gün Mahaçqala təmsilçisi öz meydanında millimizin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” ilə qarşılşaacaq.

“Anji” ilə 3 illik müqavilə imzalayacaq Samuel dağıstanlı azarkeşlər arasında ilk matçını məhz həmyerlimizin komandasına qarşı keçirəcək. Yeni transferinin yolunu gözləyən “Anji” rəsmiləri bu gün onunla birgə Rostova yollanacaq. Eto’Onun debütünün Rusiya Premyer Liqasının növbəti turunda - avqustun 27-də “Rostov”la səfər oyununda olacağı nəzərdə tutulub. Bundan sonra yığmaların görüşləri ilə əlaqədar çempionatlarda fasilə yaranacaq və “Anji”nin növbəti ev oyunu bundan sonra olacaq.

Qeyd edək ki, Samuel karyerası boyu 9 nömrəli formada çıxışı ilə tanınsa da, yeni komandasında bu imkana malik deyil. Çünki bu nömrə ilə braziliyalı hücumçu Dieqo Tardelli çıxış etdiyindən, kamerunlu 99 nömrəli formanı geyəcək.