Çempionlar Liqasında “Fənərbaxça”nı əvəz edəcək komanda dəqiqləşdi
25.08.2011 - 09:51
Çempionlar Liqasında “Fənərbaxça”nı əvəz edəcək komanda dəqiqləşdi
“Fənərbaxça”nı Çempionlar Liqasının (ÇL) qrup mərhələsində əvəzləyəcək komandanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, UEFA danışılmış oyunlara əlaqədar avrokuboklardan xaric edilən İstanbul təmsilçisini vitse-çempion “Trabzonspor”un əvəzləyəcəyi haqda qərar çıxarıb. Bununla, Trabzon təmsilçisi tarixində ilk dəfə ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.

Əslində, ötən mövsümün yekununa əsasən “Trabzonspor”un “Fənərbaxça” ilə xalları bərabər olmuş, sadəcə, sonuncular daha yaxşı top fərqinə görə çempion olmuşdu. ÇL-də mübarizəyə III təsnifat mərhələsindən başlayan Şenol Günəşin çalışdırdığı komanda “Benfika”ya uduzaraq (səfərdə 0:2, evdə 0:0), turnirlə vidalaşmışdı. Bundan sonra Avroliqada oynamaq hüququ qazanan “Trabzonspor” səfərdə qolsuz bərabərliyə qaldığı İspaniyanın “Atletik” klubu ilə bu gün evdə cavab görüşünə çıxmalı idi. Ancaq UEFA-nın qərarından sonra həmin oyun ləğv olunub və “Atletik” avtomatik Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, ÇL-in püşkü bu gün Bakı vaxtilə saat 20:45-də atılacaq. “Trabzonspor” debütant kimi aşağı reytinqi olduğundan, sonuncu – 4-cü səbətdə yer alıb.