“Xəzər Lənkəran” - yubileylər ardınca dəniz kənarında
27.08.2011 - 12:59
“Xəzər Lənkəran”  - yubileylər ardınca dəniz kənarında
Bu gün “Xəzər Lənkəran” Premyer Liqada növbəti səfər oyununa çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Rəvan”ın qonağı olacaq Lənkəran təmsilçisi çempionata uğurlu startın davamını gətirməyə çalışacaq.

Bu oyun komandaların qarşılaşacağı ilk görüş olacaq. “Xəzər Lənkəran bu görüşə heyətlə hazırdır. Baş məşqçinin qərar verəcəyi halda, yeni transferlər Antonio Semedo və Mario Rosas məhz “Rəvan”la qarşılaşmada öz debütlərini edə bilərlər. Üç turdan sonra müvafiq olaraq üç və iki dəfə fərqlənmiş Opara və Subaşiç də görüşə hazırdırlar.

“Rəvan”la oyunda meydana çıxacağı təqdirdə Elvin Beqiri “Xəzər Lənkəran” formasında 50-ci oyununu keçirəcək. Həmçinin, matç Emeka Opara üçün komandanın heyətində 45-ci, Katalin Doman üçün isə 30-cu qarşılaşma ola bilər.

Bu turda da qalib gələcəyi halda, Mirça Rednik “Xəzər Lənkəran”la ölkə çempionatı çərçivəsində 20-ci qələbəsini əldə edəcək.

Ümumilikdə isə tarixi ərzində müxtəlif yarışlarda 149 qələbə qazanan “Xəzər Lənkəran” bu gün 150-ci dəfə oyunu qalib tərk etmək şansına malikdir.

Matç həmçinin “Xəzər Lənkəran”ın bu il istifadəyə verilmiş “Dalğa Arena” stadionunda ilk oyunu kimi də tarixə düşəcək.

Qeyd edək ki, “Space” telekanalı vasitəsilə canlı yayımlanacaq “Rəvan” - “Xəzər Lənkəran” oyunu saat 20:00-da start götürəcək.