Əfsanəvi prezident ürəyini “apasport”a boşaltdı
19.10.2011 - 12:05
Əfsanəvi prezident ürəyini “apasport”a boşaltdı
Bir vaxtlar ölkə çempionatında hegemonluq edən, Çempionlar Liqasında mərhələ adlamaqla adını futbol tariximizə yazdıran “Şəmkir”in bu zəfərində təbii ki, klubun prezidenti Şahbaz Süleymanovun zəhməti danılmazdır. İndinin özündə də, vaxtilə Aleksandr Starkovun çalışdırdığı “Skonto” üzərində qazanılan möhtəşəm qələbə unudulmur. “Şəmkir”in tarixinə ekskursiya edilən zaman elə söhbət bu oyunla başlayır, bununla da bitir. Çünki həmin dövrdə uğura ac olan azarkeşlər üçün “Skonto” zəfəri tarixi məqam idi. Biz də fürsətdən istifadə edib bu günlərdə sırf təsadüf nəticəsində qarşılaşdığımız əfsanəvi prezidentlə həmin dövrü vərəqlənməyə çalışdıq.


- Futboldan ayrı yaşamaq çətin deyil?
- Hazırda rəsmi şəkildə futbolla bağlılığım olmasa da, futboldan ayrı deyiləm. Bu idman növü mənim üçün daha əzizdir. Uşaq yaşlarımdan futbola həvəsim olub. Bildiyiniz kimi, müəyyən dövrlərdə də klub rəhbəri kimi fəaliyyət göstərmişəm. Yəni, Azərbaycan futbolunda mənim də əməyim, zəhmətim olub. Futbolumuzun inkişafı naminə nə bacarmışamsa, onu da etmişəm. Azərbaycanda ilk dəfə Çempionlar Liqasında mərhələ adlayan bizim komanda - “Şəmkir” olub.

- “Şəmkir” 2 dəfə ölkə çempionu olub. Amma komanda azarkeşlərin yaddaşında daha çox Çempionlar Liqasında mərhələ adlamağa imkan verən “Skonto” üzərindəki qələbə ilə yadda qalıb. Bəs həmin matçı siz necə xatırlayırsınız?
- Həmin oyunu unutmaq mümkün deyildi. Futboldan danışanda həmin qarşılaşma yadıma düşür. Kaş ki, həmin oyun yenə olaydı və xalqımız baxıb, həzz alaydı. İndi çox çalışırlar ki, Azərbaycanda futbol inkişaf eləsin, yüksək səviyyəyə qalxsın. Allah eləsin ki, bu mümkün olsun, biz də baxıb həzz alaq.

- Yeri gəlmişkən, Azərbaycandan məğlub yola saldığınız Aleksandr Starkov bu gün “Bakı”nın baş məşqçisidir...
- Starkov həmin qarşılaşmanı heç vaxt yaddan çıxara bilməz.

- Bu gün “Şəmkir” I divizionun ortabablarındandır. Vaxtı ilə şəxsi pullarınızı xərclədiyiniz klubun hazırkı durumu sizi üzmür?
- Bilirsiniz ki, səhhətim bu gün “Şəmkir”lə yaxından maraqlanmağa imkan vermir. Əgər səhhətimdə problemlər olmasaydı, yenə də bu komandaya öz köməyimi göstərərdim.

- Futbolumuzu izləyirsinizmi?
- Bəli, baxıram və ürəyim ağrıyır.

- Bəs sizdə “Şəmkir”ə sponsorluq etmək ideyası necə yaranmışdı?
- Bir dəfə yolla gedirdim. Stadionun yanından keçəndə, azarkeşlərin səsini eşitdim. Yanımdakı yoldaşıma dedim ki, gedək biz də baxaq. Stadiona daxil olanda gördüm “Şəmkir”in heyətində balaca uşaqlar yer alıb, rəqib isə xeyli təcrübəli oyunçulardan qurulub. Hesabı soruşdum, dedilər 0:6 hesabı ilə uduzuruq. Dedim necə yəni 6:0 hesabı ilə uduzuruq. Cavab verdilər ki, olanı deyirik. Orda maraqlandım və məlum oldu ki, bu həmin çempionatın I dövrəsinin sonuncu oyunu idi. Komanda bütün oyunları uduzub, aktivində xalı yoxdur, üstəlik 70-dən çox qol buraxıb. Dedim, buna dözə bilmərəm. Həmin vaxtdan komandanı götürdüm. Heyəti gücləndirdik və güclülər dəstəsindəki yerimizi qoruduq. Sonra işləri qaydasına saldıq, uşaqları hazırlaşdırmağa başladıq, Ağasəlim Mircavadovdan xahiş etdim ki, bizim komandanın baş məşqçisi olsun. Sağ olsun, gəldi, komandaya kömək etdi, yaxşı titullar qazandıq, Çempionlar Liqasında mərhələ adladıq. Ondan sonra səhhətimdə problemlər yarandı və komandadan ayrıldım. Sonrası isə göz qabağındadır.

- Yəqin sonrakı hadisələr sizi daha çox üzdü...
- Əlbəttə, bu qədər sərmayə qoyulmuşdu, işlər görülmüşdü. Təsəllim odur ki, heç olmasa zəhmətimin qarşılığını görə bildim. Artıq Avropada bizi tanıdılar, “Şəmkir” adlı komandanın olduğunu bildilər. Onu da deyim ki, futbola xərclədiyim pullara görə heç vaxt təəssüflənməmişəm. Bu gün yenə artıq sərmayəm olsa, özüm olmasam da, bir nəfəri təyin edib onun vasitəsilə futbola xərcləyərəm.

- Komanda sonradan fəaliyyətini niyə dayandırdı?
- Bunu izah edə bilmərəm. Dağılmağının çox səbəbləri var idi. Gərək, hər bir qurumun, ailənin normal başçısı olsun. O, imkan verməsin ki, kimsə yolunu azsın. Məndən sonra uşaqların əksəriyyəti komandadan ayrıldı, başqa klublara getdilər. Kluba baxan olmadı.

- Kimisi futbola əyləncə, kimisi biznes sahəsi kimi baxır. Bəs futbol sizin üçün nə demək idi?
- Futbol mənim həyatım idi, onunla yaşayırdım. “Şəmkir”ə rəhbərlik etdiyim vaxtlar Bakıda yaşayırdım, biznesim paytaxtda idi. Zəng vururdum ki, bu gün məşq saat neçədədir? Deyirdilər axşam saat 5-də. Saat 12-də Bakıdan yollanıb məşqə çatırdım, izləyirdim. Yəni oyunlar bir yana, heç məşqi də buraxmırdım. Uşaqların qayğısını öz balalarım kimi çəkirdim. Elə vaxt olub ki, stadionda şərait olmurdu, onları öz evimə gətirirdim, burda dincəlmələrinə şərait yaradırdım. Elə vaxt olub ki, ailəm birdən 30 nəfərə qulluq edib.

- Çoxları düşünürdülər ki, “Şəmkir”in dağılmasına təsir göstərən məqamlardan biri də heyətdə rayonun yetirmələrinin az olmasıdır.
- Yerli deyəndə, bizdə öz uşaqlarımız var idi. Sonradan onlar başqa klublara getdilər. Onlardan Rövşən Əmiraslanovla Vüsal Hüseynovun adlarını qeyd edə bilərəm. Davam etsəydik, ardı gələcəkdi.

- Yığmanın oyunlarını necə, izləyirsinizmi?
- Millinin əvvəlki illərlə müqayisədə nəticələri yaxşıdır. Bunu hamımız bilirik ki, bir ölkədə futbolu üç aya, bir ilə istənilən səviyyəyə qaldırmaq mümkün deyil. Allahın köməkliyi ilə yaxşı olar. Ona görə ki, ölkəmizin başçısı futbola diqqət yetirir.

- Şəmkirdəki stadion həm də əvvəllər bölgələrdəki arenalar arasında ən yaxşılardan idi. Həmin məkanda hətta UEFA kubokunun oyunu da keçirilib. Ancaq sonradan stadionun qapıları sanki futbolçuların üzünə bağlandı...
- Stadion durur, ancaq indi yaxşı vəziyyətdə deyil.

- Çalışdığınız müddətdə nəyə üzüldünüz?
- Bu gün futbolumuza böyük sərmayələr qoyulur, ancaq ortada mən istəyən futbol yoxdur. Oyunçulara hər cür şərait yaradılıb. Lakin bunun müqabilində yaxşı oynaya bilmirik. Buna çox üzülürəm.

- Son vaxtlar belə bir fikir formalaşıb ki, klub rəhbərliyi futbolçulara layiq olduğundan dəfələrlə artıq pullar verir. Bunun razısınızmı?
- Bu fikirlə razı deyiləm və elə düşünmürəm. Avropada nələr xərcləndiyini görürük. Gərək bizimkilərə də bir az xərcləyəsən ki, başqa sahələr, yollar haqda düşünməsinlər, özlərini futbola həsr etsinlər. Futbolçularımızın 1 il ərzində aldıqlarına Avropadakılar heç bir ay oynamazlar.

- Əvvəlki imkanınız olsaydı, yenidən futbola qayıdardınızmı?
- Mütləq komandanı götürərdim və göstərərdim ki, futbol necə olur.

- İşlədiyiniz müddətdə hansı səhvinizi yenidən təkrarlamaq istəməzdiniz?
- Elə bir səhvim olmayıb ki, bu gün peşmançılığını çəkim. İmkanım olsa, canla-başla futbola baxaram və güclü komanda quraram.

- Sizi futbola bu qədər bağlayan nədir?
- Daxildən gələn istək. Həm də yaxşı komanda yaradırsan, 5 min, 10 min azarkeş gəlib izləyir, qələbə qazandıqda hamısı sevinir, deyir, gülür, bir-birini təbrik edir. Bundan yaxşı nə ola bilər? Bu gün 20 adamı sevindirə bilmirsən, amma futbolla minləri, milyonları sevindirirsən.

- Deyəsən, sizi yorduq. Sonuncu sualımımı vermək istəyirik.
- (gülür) Xeyr, yormadınız. Onsuz da çoxdandı futbol haqda danışmaq üçün darıxırdım. Sadəcə, müsahibə verməklə aram yoxdur.

- Şahbaz müəllim, sizin üçün ən güclü futbolçu kimdir?
- Hər kəsin bir namizədi var. Mənim üçün Azərbaycanda ən yaxşı futbolçu Əfqan Talıbov olub.