“Mən Azərbaycan futbolunda ilk tarixi uğurları yaşamışam”
19.10.2011 - 22:35
“Mən Azərbaycan futbolunda ilk tarixi uğurları yaşamışam”
Hazırda dünyanın maraq dairəsinə düşən Qafqazın ən varlı klubu - “Anji”də böyük məşqçi kimi fəaliyyət göstərən Vaqif Sadıqov “Toplu Bakı”nın “futbolu onlardan öyrən” rubrikasının qonağı olub. Apasport.az saytı onunla hazırlanan yazını təqdim edir.

Məşqçilik karyerasının əsas hissəsi milli komanda ilə bağlı olan Sadıqov demək olar bütün yığmalarda çalışıb. O, milli komandamızın üç dəfə baş məşqçisi olmaqla rekorda imza atıb. Yığmada ikinci dəfə çalışdığı vaxtda Böyükağa Ağayevlə bir yerdə çalışıb, Tuayevin köməkçiləri olublar. “Neftçi” 1994 və 1995-ci illərdə məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə ölkə kubokunu qazanıb. Sadıqov 34 yaşında buna nail olmaqla, futbol tariximizdə rekorda imza atıb. “Neftçi” avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman qolsuz heç-heçə edib.

Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu “Neftçi” olub. Hal-hazırda dünyanın maraq dairəsinə düşən Qafqazın ən varlı klubu- “Anji”də böyük məşqçi kimi fəaliyyət göstərən müsahibimiz “Toplu Bakı”nın “futbolu onlardan öyrən” rubrikasının qonağıdır. Onunla hazırladığımız müsahibəni diqqətinizə təqdim edirik:

"Uşaqlığım Xətai metrosunun yaxınlığındakı məhəllələrdə keçib. Məktəbdən evə gələr-gəlməz çantamı belimdən çıxarıb topumu götürüb həyətə qaçardım. Uşaqlarla qaş qaralana kimi futbol oynayardıq. Meydança evimizin qarşısında idi. Qonşular həyətdə oturun bizi izləyər, məni müxtəlif cür çağırardılar. Məni hərdən Banişevski hərdən də Pele deyə çağırırdılar.
Həyətdə oturan yaşlı arvadlar məni o vaxtın bütün futbol ulduzlarına bənzədirdilər. Günlərin bir günü məhəllə uşaqları futbol mktəbinə gedirdilər. Mənə də təkluif etdilər ki, onlarla birgə məktəbə yoxlanışa gedim. Razılaşdım və biz oraya getdik. Futbola həmyaşıdlarıma nisbətən gec, 13 yaşımda başladım.

Uşaq –yeniyetmə futbol məktəbinə yazılmağa gələndə məşqçilər əvvəlcə neçə yaşımın olduğunu soruşdu. 13 yaşdayam deyəndə mənim üçün gec olduğunu və başqa bir idman növü ilə məşğul olmağı tövsiyə etdilər. İstəyimin üzərində durduğum üçün yoxlamağa razılaşdılar. Şərtləri isə 10 dəfə top çiləyə bilmək idi. Mən daha çox çilədim və məni qəbul etdiər.
İlk müəllimim Xluçin idi. Hal-hazırda onun 71 yaşı var. Moskva şəhərində yaşayan müəllimimlə indiyə kimi əlaqəni itirmirəm. Çox maraqlıdır ki, bu müsahibəni verməmişdən bir neçə gün öncə biz onunla görüşüb o illəri bir daha yada salmışıq. Mən futbolçu və bir insan kimi yetişməyimdə ona borcluyam.

O vaxt yaşıl meydanlar demək olar ki yox idi. Biz “Neftqaz”stadionunda torpaq üzərində məşq edirdik. Qış aylarında məşq üçün şərait ümumiyyətlə olmurdu. Fiziki cəhətdən zəif olduğum üçün məşqçi mənimlə ayrıca çalışırdı. O öz cibindən pul ödəyib kiçik bir idman zalı icarəyə götürmüşdü. Qış aylarında fərdi təmrinlər üzərində çalışırdıq. Mən bunu ömrümün sonuna kimi unutmayacağam.

13 yaşımda futbola gəlsəm də, 17 yaşa kimi bütün milli komandalarda oynamışam. 1977-ci ildə ilk dəfə “Araz”dan təklif aldım. Bundan bir il öncə, noyabrda Azərbaycandan seçilən ən istedadlı gənclərə baxış keçirilirdi. Seçilənlər klublara namizəd elan edilirdi. Xoşbəxtlikdən məni də seçdilər və “Neftçi”yə namizəd oldum. O vaxt “Neftçi”də böyük futbolçular oynayırdı. Bu komandaya hazır olmadığım üçün məni “Araz”a yolladlılar. Orada iki il oynadıq. Əhməd Ələsgərov “Araz”dan “Neftçi”yə ikinci dəfə baş məşqçi kimi qayıdanda içində mən də olmaqla bir qrup futbolçunu özü ilə birgə gətirdi.

1980 - 1989-cu illərdə “Neftçi”də oynamışam. Arada, 1987-ci ildə bir mövsüm Əhməd Ələsgərovun dəvəti ilə “Nistru”da çıxış etdim. Sonra Ağasəlim Mircavadov məni komandasında görmək istədi və yenidən “Neftçi” yə qayıtdım. Ümumilikdə bu komandanın heyətində SSRİ çempionatının güclülər dəstəsində 92 (2 qol), birinci liqada 23 oyun keçirdim.

1989-cu ildə futbolçu karyeramı bitirdim. Bundan sonra qarışıq bir məşqçi fəaliyyətim oldu. Sumqayıtın “Xəzər” klubunda oynayan məşqçi kimi fəaliyyət göstərdim. 1992-ci ildə isə baş məqçi kimi ilk iş yerim Maştağanın “Nicat” klubu oldu. Burada güclü bir kollektiv formalaşdırdıq. Lakin tezliklə “Neftçi” rəhbərliyi mənə baş məşqçi postunu təklif etdi. 1993-1995-ci illərdə “Neftçi”nin baş məşqçisi işlədim. Bu illərdə iki dəfə ölkə kubokunu və bürünc medalları qazandıq. 1995-ci ildə komandanı tərk edəndə, “Neftçi” məğlub olmamışdı və birinci pillədəydi. Həmin mövsümün sonunda klub bir daha çempion oldu. Bu uğurda mənim də payım var...

Bundan sonra məşqçi fəaliyyətimi “Fərid” klubunda davam etdirdim. Bu komandanı birinci divizyondan yüksək dəstəyə çıxardıq. Bundan sonra 1999-cu ilin yanvarında Rusiyaya “Anji” yə getdim. Bir müddət məşqçi işləyəndən sonra yayda Vətənə “ANS Pivani”də işlədim. Çox iddialı bir klub formalaşdırmışdıq. Klub rəhbərliyi verdiyi bəzi sözləri yerinə yetirmədiyi üçün həmin mövsüm 5-ci olduq.

“Şəfa”dakı fəaliyyətim də maraqlı olub. Bu klubla ölkə kubokunu qazanmışıq. Burada əsasən gənclərə üstünlük verirdik.
Bir müddət Sumqayıtın “Gənclərbirliyi” klununda vitse-prezident kimi çalışdım. Azərbaycanda hələlik son iş yerim isə “Neftçi” olub. 2009-cu ilin oktyabrında komandanı 9-cu pillədə olarkən qəbul etmişdik. Qarşımızda ilk altılığa düşmək vəzifəsi qoyulmuşdu. Buna da nail olmuşduq.

Hal-hazırda Mahaçqalanın “Anji” klunda böyük məşqçi vəzifəsində çalışıram.Bu kluba məışqçi həmkarım Hacı Hacıyevin dəvəti ilə getmişdim. Ayrı- ayrı vaxtlarda 3 dəfə Azərbaycan milli komandasının baş məşqçisi işləmişəm. 1993-cü ildə millimizin keçirdiyi ilk rəsmi yoldaşlıq oyununda məşqçilər şurasının üzvü olmuşam. Bu Gəncədə Gürcüstün millisinə qarşı oyun olub. Hal-hazıkı baş məşqçi Berti Foqtsun ilk köməkçisi olmuşam. Müxtəlif yaş qrupları üzrə millilərin formalaşdırılması və ilk tarixi qələbə sevinclərini paylaşmışam.

Mən Azərbaycan futbolunda ilk tarixi uğurları yaşamışam. Millinin 1998-ci ildə, FİFA reytinqində 97-ci pilləyə qalxması, Slovakiya üzərində böyükhesablı qələbə, Azərbaycan Superkubokunun ilk qalibi kimi ilk tarixi qələbələri qazandığım üçün xoşbəxtəm. Bunların hamısı tarixdə qalıb.
Məşqçi fəaliyyətimə nəzər salanda çox sevinirəm.

Xoşbəxtəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən üzübəri futbolumuza xidmət etmişəm. Ulu Öndər Heydər Əliyevin vaxtında mən futbolçu kimi fəaliyyət göstərmişəm, oğlu, cənab prezident İlham Əliyevin prezidentliyi dövründə isə mən məşqçi kimi kamilləşirəm.
Azərbaycan futbolu son illərdə sürətlə inkişaf edir. On, on beş il əvvəllə müqayisədə indi klub rəhbərləri baş məşqçilərdən daha çıx şey istəyir.

Əgər ilk dəfə biz UEFA Kubokunda Kiprin APOEL klubu ilə evdə heç-heçə oynayıb Azərbaycana ilk reytinq xalını qazandıranda sevincimizin hədd-hüdudu yoxuydusa bu gün klub rəhbərləri minimum iki mərhələ keçməyi hədəfləyir. Əgər milli komandalar yaradlılanda ilk mərhələni aşmaq nağıl kimi görünürdüsə bu gün həm 17 həm də 19 yaşadək millilər bunu hər seçmə mərhələdə təkrarlayır. Zaman və tələblər dəyişib. Uşaq futboluna da diqqət artır.

Əvvəl bu boş-boş söhbət şəklində olsa da indi klublar əməli işə keçib. Bu gün “Bakı”nın bazasında gördüklərim məni müsbət mənada şoka saldı. Burada məşq edən uşaqlara baxanda adam fikirləşir: Budur Azərbaycan futbolunun gələcəyi. Bu uşaqları yetişdirib təkcə Azərbaycanda yox xarici ölkələrə yollamaq lazımdır. Azərbaycanda futbolun inkişafı bundan asılıdır.

Yaxın dostum “Bakı” futbol klubun prezidenti Hafiz Məmmədovun işinə peşəkar yanaşan bir rəhbər olduğunu qeyd etməliyəm. Onun sonsuz səbiri, gələcəyə qoyduğu unvestisiyalar mütləq özünü doğruldacaq. Azərbaycan futbolunun inkişafı naminə gördüşü işlərdə ona uğurlar arzu edirəm".