Vəli Qasımov “Betis”ə qayıda bilər
27.10.2011 - 13:19
Vəli Qasımov “Betis”ə qayıda bilər
UEFA tərəfindən Bakıda təşkil olunan Pro lisenziyalı kurslarının iştirakçısı Vəli Qasımov təcrübə keçəcəyi ölkəni müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis yenidən İspaniyaya qayıdır.

Bakıda təşkil olunan kurslara 11 nəfər məşqçi qatılıb. Nazim Süleymanov, Şahin Diniyev, Cüneyt Biçər, Yüksəl Köpoğlu, Təbriz Həsənov, Qurban Qurbanov, Vladislav Qədirov, Arif Əsədov, Babək Alxasov, Yaşar Vahabzadə və Vəli Qasımov məşqçiliyin ən ali dərəcəsinə yiyələnməyə çalışırlar.

Bunun üçün iki əcnəbi klubun düşərgəsində təcrübə toplamaq vacibdir. Artıq bütün məşqçilərimiz gedəcəkləri məkanları dəqiqləşdiriblər. Bu işdə hərə özünə uyğun, tanış məkan seçib.

Vaxtilə İspaniya Primerosunda oynamış Vəli Qasımov məhz bu ölkəyə qayıdacaq. Veteran hücumçu “Malaqa” və ya “Betis” klublarının birinin düşərgəsində olacaq.

Qasımov saytımıza açıqlamasında bildirib ki, danışıqlar hələ yekunlaşmasa da, bu iki variantdan birini seçəcəyi dəqiqdir:

“Danışıqlar davam edir. İspaniyada “Betis” və ya “Malaqa”da təcrübədə ola bilərəm. Bu, təcrübənin ikinci mərhələsində baş tutacaq. İlk təcrübəni isə çox güman ki, qonşu ölkələrdən birində və ya öz klublarımızın birində keçəcəyəm. İspaniyada klublarla danışmaq mənim üçün rahatdır. Çünki hazırda baş məşqçi olanların, eləcə də klub nümayəndələrinin bir qismi ilə tanışam”.

Qeyd edək ki, Qasımov uzun müddət “Betis” klubunda oynayıb. O, bu komandanın heyətində Primeronun bürünc medallarını qazanıb. Millimizin sabiq üzvü İspaniyada “Albasete” və “Esixa” klublarının da uğurları üçün çalışıb.

Qasımovun getmək istədiyi “Malaqa” klubunu “Real”ın sabiq baş məşqçisi Manuel Pelleqrini çalışdırır.