Quzanlıda məğlub edilməyən 1 komanda qaldı
29.10.2011 - 16:29
Quzanlıda məğlub edilməyən 1 komanda qaldı
“Qarabağ”ın təmsil etdiyi Ağdamda daha bir komandanı məğlub etməyi bacardı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar “Bakı”nı Quzanlıda ilk dəfə məğlub etdi. Həmin 2:1 hesablı qələbə Premyer Liqamızın hazırkı turunda reallaşdı.

Düzdür, “Qarabağ” 2008/09 mövsümündə “Bakı”ya Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda qalib gəlməyi bacarmışdı. Maraqlıdır ki, onda da 2:1 hesablı qələbə olmuşdu. Fərq ondadır ki, həmin oyun ölkə kubokunun cavab yarımfinal oyununda baş vermişdi. “Qarabağ” bundan sonra Quzanlıda 2 məğlubiyyətdən birini məhz “Bakı”dan almışdı – 1:4. Özü də bu, komandanın Ağdamda ən böyük hesablı məğlubiyyətidir.

“Bakı”nın yenilməyi ilə Quzanlıda məğlub edilməyən 1 komanda qaldı ki, bu da “Simurq”dur. Baş məşqçi Qurban Qurbanov doğulub, boya-başa çatdığı Zaqatalanın təmsilçisi ilə 2009/10 mövsümünün təsnifat mərhələsində ev oyununda qolsuz bərabərliyə nail olub. Yeri gəlmişkən, “Bakı” da həmin mövsüm Ağdamdan bu nəticə ilə qayıdıb.

Qeyd edək ki, “Qarabağ” bu qələbədən sonra “Bakı” ilə oyunlarda balansı öz xeyrinə dəyişə bilib. Komandadan qolların müəllifləri olan albaniyalı müdafiəçi Admir Teli ilə yarımmüdafiəçi Rəşad Sadiqov eyni zamanda cari mövsümdə qol hesablarını açdılar. Maraqlıdır ki, onlar bu yay Avroliqada Litvanın “Banqa” klubunu evdə məğlub etdikləri (3:0) oyunda da ilk 2 qolu vurublar.