“Birdən beynimə balıq kababı düşdü”
10.11.2011 - 10:13
“Birdən beynimə balıq kababı düşdü”
Azərbaycan futbolunun dünya miqyasında ciddi nailiyyətləri olmasa da, hər zaman güclü oyunçuları ilə seçilib. Ölkəmizdə, xüsusən də, Tovuz, Gəncə bölgəsində istedadlı oyunçular yetişib. Sözsüz ki, Qərb bölgəsinin Azərbaycan futboluna bəxş etdiyi ən güclü futbolçulardan biri Vidadi Rzayevdir.

Rzayevin oyunu hər zaman göz qabağında olub. Onun Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə yığmasının qapısına vurduğu qol nə qədər lazımlı bir oyunçu olduğunu ifadə edib. Rzayev istedadlı oyunçu olmaqla yanaşı, həm də fərqli bir xarakterə malikdir. Bu insanda qəribə yumor hissi, bir təbiilik və inadkarlıq var. Rzayev futbolu ilə yanaşı, həm də duzlu-məzəli hərəkətləri ilə də seçilib, yadda qalıb. Biz bu yazıda məhz onun dilindən qeyri-adi, bəlkə də peşəkarlığa sığmayan hərəkətini sizə təqdim edəcəyik.

... “Biz Neftçi”də oynayanda əsasən bazada qalırdıq. Belə adi günlərdən biri idi. Birdən beynimə balıq kababı yemək düşdü. Mən ov adamıyam. Futboldan, təlim-məşq toplanışlarından vaxt tapan kimi tez-tez quş, balıq ovuna gedirəm. Bakıda olanda da bu sarıdan korluq çəkməmişəm. Bu dəfə balığı daha gec, gecə saat 2-də istədim. O vaxt bazada bişirməyə icazə vermədilər. Çünki gecənin bir aləmi idi, hamı yuxuya getmişdi. İnadımdan dönmədim. O vaxt bizim baş məşqçimiz rəhmətlik Ruslan Abdullayev idi. Saata məhəl qoymayıb, evlərinə zəng vurdum. Deyəsən, dəstəyi oğlu Elxan Abdullayev götürdü. Ruslan müəllim tez özü telefonu əlinə alıb, ciddi hadisənin baş verib-vermədiyini soruşdu. Dedim Ruslan müəllim, icazə verin, bazada bir balıq kababı bişirim. Dedi get yat, sabah gəlib sənə balıq kababı göstərəcəyəm. Gəlib iclas keçirdi, məni cəzalandırdı”.

... “O vaxt “Neftçi”də futbolçuların təlim-tərbiyəsinə böyük diqqət ayırırdılar. Ehtiyatlanırdılar ki, bir futbolçu bir komandanın ümumi hazırlığını poza bilər. Həmin ərəfədə səfərə çıxmışdıq. Bilmirəm, avtobusa minməzdən öncə o günəbaxan tumunu haradan tapdım. Baş məşqçi dedi ki, at o tumu çölə. Fikir vermədim. İkinci dəfə deyəndə, artıq acığa düşüb onu sonuna qədər yedim. Dedim mənim yeməyimə baxma, oyunuma bax. Çıxıb həmin səfər oyununda 2 qol vurdum. Qaliblər isə heç vaxt mühakimə olunmur”.

... 1987, 88-ci illər olardı (Həmin vaxt “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov olub). Biz “Neftçi” ilə Ukraynanın Xarkov şəhərinə getmişdik. Gizlətməyəcəyəm, açığını deyəcəyəm. Günlərin bir günü bir az içmişdim. O vaxt hələ İsgəndər Cavadov, Maşallah Əhmədov kimi futbolçular da oynayırdı. Gecənin bir aləmində başıma şampan şərabı içmək düşdü. Mənə dedilər ki, baş məşqçinin otağında soyuducu var. Həmin soyuducuda nə qədər istəsən, içki var. O vaxt oteldə belə şərait yaradırdılar. Sən içdin içmədin, soyuducuda olurdu. Lap gec idi. Artıq şəhərə çıxıb içki tapmaq olmazdı. Arada söz qoyduq ki, mən risk edərək, baş məşqçinin otağına girib, onu götürürəm, amma bunu heç kim xəbər verməyəcək. Araya kişi kimi söz qoyuldu. Mən ağ “postel”i başıma bürüyüb, girdim baş məşqçinin otağına. Gördüm baş məşqçi yatıb. Soyuducunu açıb, şampanı götürürdüm ki, birdən qapının səsinə ayıldı. Amma məni nə tuta, nə də tapa bildi. Səhər iclas oldu. Dedi heç kimə cəza kəsməyəcəyəm. And içdi. Dedi ki, sadəcə, buna ürək edən futbolçunun kim olduğunu bilmək istəyirəm. Mənə bu lazımdır. Hamı verdiyi sözə əməl etdi. Baş məşqçi həmin gün olmasa da, sonradan bildi ki, həmin işi mən tutmuşam. Belə hadisələri indi gülə-gülə xatırlayıram. Əvvəl isə bunu edənə qədər çox həyəcan keçirirdim”.

... “Milli komanda ilə təzə-təzə səfərlərə çıxmağa başlayırdıq. Onda heyət tez-tez dəyişirdi. Adətən, bizim üçün gedib-qayıtmaq bileti alınırdı. Adı yadımdan çıxıb, bir dəfə futbolçu elə bilmişdi ki, bu bilet sadəcə, bir dəfə istifadə olunmaq üçündür. Səfərə gəldikdən sonra bileti atmışdı zibil qutusuna. Bizdə bileti görəndə dedi ki, siz bunları niyə saxlamısınız? Dedik, ay qardaş, bəs evə qayıtmayaq. Dedi ki, mən bileti atmışam. Hamı düşdü əl-ayağa. Bütün zibil qutularını axtardıq, axırda da tapdıq”

... “Neftçi”də oynayanda, həftəlik məşq planları əvvəlcədən məlum olurdu. Bir dəfə Yunis Hüseynov mənə zəng vurdu ki, bəs niyə məşqə gəlməmisən. Cavabımda “bu gün məşq axşamdır” dedim. Hüseynov israr elədi ki, yox e, vaxt dəyişib. Artıq sən məşqə gecikirsən. Tez tələsik bazaya gəldim. Heç kimin olmadığını görəndə, bildim ki, bu işdə nəsə oyun var. Amma yenə hazırlaşıb çıxdım meydançaya. Yarım saat gözlədim, heç kim gəlmədi. Sonra zəng vurdum ki, ay Yunis, burada məndən başqa heç kim yoxdur. Qayıtdı ki, bu gün məşq axşam olacaq. Sən deyəsən, 1 aprel zarafatını da başa düşmürsən. Həqiqətən də aprelin 1-I olduğunu unutmuşdum. Yunis məzəli əhvalatlar çoxdur, mənim başıma da belə oyun gətirib”.

...“Təbiəti, Allahın bəxş etdiyi təbi varlıqlarla qidalanmağı çox sevmişəm. Məşqçi olduqdan sonra da xasiyyətim dəyişməyib. “Karvan”la Antalyada səfərdə idik. Komandaya istirahət veriləndə, mən futbolçuları oteldə yeməyə qoymadım. Göldən balıq tutub, elə gölün ətrafında kabab edib, yedik. Bunun başqa ləzzəti var”.
0