Lorik Kana Azərbaycan yığmasının qələbəsinə kölgə saldı
14.11.2011 - 12:33
Lorik Kana Azərbaycan yığmasının qələbəsinə kölgə saldı
Albaniya millisinin kapitanı Lorik Kana Azərbaycan yığmasının qələbəsinə kölgə salıb. Apasport.az saytının məlumatına görə, Kana millimizin onları məğlub etməyini az qala təsadüfi sayır.

“Latsio”nun yarımmüdafiəçisinin fikrincə, həmin gün Tiranadakı yoldaşlıq görüşündə bəxt onlardan üz döndərib: “Azərbaycan yığması hətta qapımıza yaxınlaşa bilmirdi. Biz isə oyun ərzində çoxsaylı qol imkanları yaradırdıq. Sadəcə, bəxtimiz gətirmədiyindən, qol vura bilmədik və uduzduq. Sözsüz ki, biz Azərbaycan yığmasına hörmət edirik və onu qiymətləndirmədik. Nəticədə aldığımız məğlubiyyət bizi məyus edir”.

Kana heyətdəki bir sıra dəyişiklərin matçın ilk hissəsində oyunlarına mənfi təsir etdiyini və millimiz məhz bunun nəticəsində qol vurduğunu düşünür: “Oyuna pis başlamağımızı heyətdəki və taktikada yerdəyişmələrlə əlaqələndirirəm. Elə mən də öz mövqeyimdə oynamırdım. Azərbaycan yığması bundan istifadə etdi və ilk 25 dəqiqədə bizdən yaxşı təsir bağışladı. Onlar mütəşəkkil, sürətlə oynayır, meydanda yaxşı pressinq edirdilər və nəticədə qol vurdular. Biz yalnız ilk hissənin sonunda toparlana bildik və fasilədən sonra tam təşəbbüsə yiyələndik”.

Lorikin sözlərinə görə, baş məşqçinin yoxluğu və boş tribunalar arasında oynamaqları da öz sözünü deyib: “Əlbəttə, baş məşqçinin yoxluğunun da müəyyən təsiri oldu. Daha yaxşı hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bununla belə, Azərbaycan yığması ilə oyundan nəticə çıxaracağımızı vacib sayıram. Bu oyun bizə müsbət şeylər verdi. Biz həmişə doğma azarkeşlərimiz qarısında oynamaq zövq almışıq. Ancaq əfsuslar olsun ki, həmin gün stadionda istədiyimiz sayda azarkeşlər yox idi. Azarkeşlərin dəstəyi bizə əlavə güc verir. Onların dəstəyini hiss edəndə, daha yaxşı oynayırıq. Hər halda, biz azarkeşlərimiz üçün oynayırıq. İnanıram ki, gələcəkdə azarkeşlərsiz yığmamızı dəstəkləməyə gələcəklər”.
0