İker Kasilyasın qənimi Azərbaycana gəlir
23.11.2011 - 00:01
İker Kasilyasın qənimi Azərbaycana gəlir
Kosta-Rika millisinin daha 1 futbolçusu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, “Bakı”nın hücumçusu Uinston Parksın yığmadakı komanda yoldaşı klublarımızın hədəfinə düşüb.

Bu, “El-Çikue” ləqəbli Rendall Brenesdir. 28 yaşlı hücumçu ölkəmizdən aldığı təklifi götür-qoy edir. Vətənində “Kartagin” klubunda çıxış edən Brenes özü bunu açıqlayıb: “Hazırda Azərbaycan, İsrail və Yunanıstan klublarından aldığım təklifləri nəzərdən keçirirəm. Etiraf edim ki, onların hamısı ilə danışıqlara da start vermişdik. Ən sərfəli, maddi cəhətdən qazanclı təklifi seçib dəyərləndirəcəyəm”.

“Kartagin” klubunun yetirməsi olan Brenes vətənində yalnız bu komandanın şərəfini qoruyub. 2005-10-cu illərdə Norveçdə legioner həyatı yaşayan Rendall “Bodo Qlimt” və “Kunqsvinger”in şərəfini qoruyub.

2005-ci ildən Kosta-Rika yığmasına cəlb olunan Brenes millidə 16 oyuna 5 qol vurub. O, yığmada son qolunu noyabrın 15-də İspaniya millisinə vurub. Futbolçu İker Kasilyası məyus etməklə son dünya və Avropa çempionları ilə görüşdə hesabı açan olub. Lakin görüş Parksın da iştirak etdiyi matç 2:2 hesabı ilə başa çatıb.
0