“Mahir Şükürovu diskvalifikasiya etsələr, bu, pis olacaq”
22.11.2011 - 19:00
“Mahir Şükürovu diskvalifikasiya etsələr, bu, pis olacaq”
“Mahir Şükürovun üzləşdiyi problem tək bizim yox, bütün Azərbaycan futbolu üçün yaxşı hal deyil. Bunu Mahir dostum olduğuna görə demirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov deyib.

Milliləşdirilən ukraynalı yarımmüdafiəçi “Neftçi” və “İnter”in ardınca Qəbələnin eyniadlı klubunda Mahir Şükürovla bir yerdə çıxış edir. Millimizdə də komanda yoldaşı olan futbolçular həyatda da yaxın dostdurlar.

Bu mənada Şükürovun yığmamızın heyətində Avro-2012-in seçmə mərhələsində Türkiyə ilə oyundan sonra UEFA-nın götürdüyü dopinq-testdə “ilişməsi” və araşdırma tam başa çatanadək futbolçunun heç bir rəsmi oyunda meydana çıxa bilməməyi Çertoqanovu daha çox məyus edib: “Mahir Azərbaycanda ən yaxşı futbolçulardan biri sayılır. Onu müəyyən müddətə diskvalifikasiya etsələr, bu, pis olacaq. Şükürovda dəqiq nəsə tapıldığını bilmirəm. Ola bilər ki, soyuqdəymə, yaxud başqa nəyəsə görə dərman içib, belə alınıb”.

Türkiyə ilə səfər oyununda iştirak edən Aleksandr dopinqə “ilişməmək” üçün futbolçuları ehtiyatlı olmağa çağırır: “Sadəcə, bu məsələlərə diqqətli yanaşmaq lazımdır. Elə götürək komanda yoldaşımız Sergey Sokolovu. Onun heç bir günahı yox idi, ancaq dopinqə görə UEFA-nın uzun müddətlik cəzasına məruz qaldı. Halbuki, Sergeyin heç nədən xəbəri yox idi. O vaxt millinin həkimi Sokolova zədəyə görə dizinə hansısa ağrıkəsici iynə vurmuşdu. O, Belçika ilə səfər oyununda iynə altında meydana çıxmışdı. Sonra dopinq-testdən keçdi və bunun əziyyətini çəkdi. Yaxud dopinqdə “ilişən” futbolçularla bağlı o qədər misallar gətirmək olar ki... Moskva “Spartak”ının futbolçusu Yeqor Titovu götürün. Futbolçular özləri istifadəsi qadağan olan maddə haqda bilməyə, sonda belə alına bilər. Dopinq maddələrin siyahısı hər dəfə dəyişilir və ehtiyatlı olmaq lazımdır”.

Çertoqanovun fikrincə, “Qəbələ”də kapitanları olan Şükürovun indi daha çox mənəvi dəstəyə ehtiyacı var: “Mahir həmişə komandanın daxilindədir, bizimlə birgə məşq edir. Hamımız birgə çalışırıq. Şükürov həmişə komanda yoldaşlarını dəstəkləyir. Hətta oynamayanda, paltardəyişmə otağına gəlir, bizi ruhlandırır. Bu, dərhal hiss olunur. Elə biz də Mahirə indiki çətin vaxtında dəstək oluruq”.

Mehman SÜLEYMANOV