“Kəpəz” həm zirvə, həm də bataqlıqdı!
23.11.2011 - 00:00
“Kəpəz” həm zirvə, həm də bataqlıqdı!
Uğura ümid yoxdu

Artıq 2 gündü "Kəpəz” yeni baş məşqçisinə qovuşub. Səmimi qəlbdən yeni çalışdırıcı Mirbağır İsayevə "xeyirli olsun" deyirik. Müxtəlif postlarda qısamüddətli işiylə yalnız alqış qazanan gənc mütəxəssisin belə tarixi olan komandaya təyinatı yalnız sevindirir. Hər şey İsayevdən asılı olsa, onun Gəncədə də nəticə verməsinə heç bir şübhə yoxdu. Ancaq doğrusunu bilmək istəyirsizsə, buna inanmıram.

Əvvəla, ona görə ki, Gəncə işləmək üçün ölkənin ən çətin yerdi. Burada azarkeşlər o qədər tələbkardı ki, komanda çempionluğa oynayan "İnter"i evdə yenəndə, "Xəzər-Lənkəran"ı darmadağın edəndə belə baş məşqçini istefaya səsləyirlər. Ölkənin ikinci şəhərində çempionluqdan başqa istənilən mövqe komanda üçün uğursuzluq sayılır. "Kəpəz"in maddi durumundan, kadr ehtiyatının necəliyindən asılı olmayaraq, komandanın baş məşqçisi yalnız maksimum haqda düşünməlidi.

İkincisi, burada Allahverdiyev mifi var. Düzdü, son gəlişiylə o da imicinə ciddi zərbə vurdu. Ölkə futbolunda xaos olan zaman həm də meydandan kənarda iş görmək bacarığıyla seçilən Mehman bəy titulları sıralamaqla özü haqqında qəhrəman obrazı yaratmışdı. Ancaq indi - həqiqətən güclü komandaların çox olduğu, Allahverdiyevin bacardığı "tryuklar"ın keçmədiyi bir zamanda həm də onun əsl bacarığı ortaya çıxdı. Çünki Ruslan Abdullayev, Novruz Əzimov, Rəşid Özbəyov kimi köməkçiləri yox idi ki, Mehman bəy onların zəhməti sayəsində qazanılan nəticələri öz adına yazsın.

Ancaq istənilən halda, istənilən məşqçi Gəncədə başının üzərində Allahverdiyevin kölgəsini hiss edəcək. Şahin Diniyevin uğurlu işi də elə bu səbəbdən yarımçıq qalmışdı, Fuad İsmayılovun pis sayılmayacaq nəticələri də.

Üçüncüsü, indi Gəncə futbolu xaraba qalmış padşahlığa bənzəyir. Nə qədər ki, rəhmətlik Konstantin Abramenko sağ idi, şəhərin uşaq futbolu qaynayan bulağa bənzəyirdi. Bu qoca yəhudi elə bir ucdan istedadlar yetişdirirdi. O gedəni Gəncənin istedadları da tükənib. Düzdü, yenə uşaq-futbol məktəbi işləyir, ancaq həddindən artıq zəif.

Dördüncüsü, Qərb bölgəsinin maddi baxımdan problemlə üzləşməsidi. Çünki indiki sponsorlar "Qəbələ"nin, "Xəzər-Lənkəran"ın, Bakı klublarının 2-3 legionerə sərf etdiyini mövsüm ərzində komandaya xərcləmir. Bu da rəqiblərlə ayaqlaşmaqda problemlər yaradır. Belədə azarkeşlər nəticə istəyir, komandanın potensialı isə buna yetmir. O zaman ortada məşqçi qalır. Mehman Allahverdiyev kimi birisi bu məngənədə sıxıldısa, Mirbağır İsayev 1-2 aya dişə vurulacaq.

Əsl müharibə meydanı

"Kəpəz" rəhbərliyinin icra hakimiyyətinin dəstəyi sayəsində komanda üçün bir şeylər etməyə çalışsa da, klubdaxili ab-hava heç də yaxşı deyil. Maddi baxımdan yetərsizlik, nəticələrin ürəkaçan olmaması gəncəlilərin əsəblərini tarıma çəkib. Təkcə son bir ayda komanda 3 dəfə dava meydanı olub. Armand Feutçhinenin Vasif Haqverdiyev tərəfindən döyülməsi, ikincinin əvəzedici heyətə göndərilməsinin üstündən çox keçməmiş qərblilər daha bir "müharibə"yə şahid oldu. Bu dəfə komandanın lideri Ceyhun Sultanovla məşqçi Vidadi Rzayevin əlbəyaxa olması komandadakı nüfuz savaşının nəticəsi idi. Və ən nəhayət, Allahverdiyevin gedişindən sonra, srağagün "Kəpəz"in məşqində kapitan Azər Məmmədovla Vasif Haqverdiyev arasında dava düşüb. Allahverdiyevlə Haqverdiyevin münasibətlərin pis olduğu çoxdan məlum idi. Səbəb isə çox sadədi: baş məşqçi ona mövsüm ərzində cəmi 22 dəqiqə oynamaq imkanı verib və iki dəfə də ehtiyat oyunçular skamyasında oturdaraq meydana buraxmayıb. Qalan oyunlarda Vasif forma şansı qazanmayıb. Son turlarda isə Haqverdiyev ümumiyyətlə, əvəzedici heyətə göndərilmişdi. Allahverdiyevin istefa xəbərini eşidən Vasif srağagün əsas komandanın məşqinə qatılıb. Məşqi əvəzedici heyətin baş məşqçisi Mehman Hacıyev keçib. Vasif ondan və ümumiyyətlə, heç kimdən icazə almadan əsas komandanın məşqində çalışmalara başlayıb. Bu isə komandanın kapitanı Azər Məmmədovun xoşuna gəlməyib. Vasifi daxili intizam qaydalarını pozmaqda günahlandıran Məmmədov ondan dərhal məşqi tərk etməyi tələb edib. Haqverdiyev razılaşmayıb və bu səbəbdən də mübahisə böyüyüb. Komandanın digər üzvləri onları güclə ayırıblar.

Bunun adı əsl dərəbəylikdi. İndi İsayev bu problemləri də yoluna qoymalıdı. Amma bacaracaqmı? "Abşeron"da işlədiyi vaxtdakı kimi əlinin altında gənclər olsaydı, xarizmasını həmən göstərərdi. Ancaq indi söhbət özüylə yaşıd olan, vaxtilə bir komandada futbol oynadıqları Vasiflə Azərdən gedir. O Azər ki, Gəncə futbolunun əfsanələrindən sayılır. İndiki vəziyyətdə Məmmədovu cəzalandırmaq yerli azarkeşlərlə münaqişəyə girmək, Vasifi cəzalandırmaqsa, digər futbolçuların yanında pis vəziyyətə düşmək deməkdi. Hər ikisini müvəqqəti bağışlamaq olar, ancaq bu, qəfəsdə ilan saxlamağa bənzəyər.

Ümid dolu sonluq

Ancaq vəziyyət ümidsiz də deyil. Mirbağır bəyin uğurlu olması üçün rəhbərliyin dəstəyinə ehtiyac var. Həm maddi, həm də mənəvi cəhətdən məşqçiyə arxa durulacağı təqdirdə İsayev "Kəpəz"i arzulanan səviyyəyə gətirə bilər. Bu, həm də onun özünü məşqçi kimi sübut etmək üçün həlledici şansıdı. Uğur onu Qurban Qurbanov, Arif Əsədov səviyyəsinə qaldıracaq, uğursuzluq daimi işsiz məşqçilər ordusuna qoşacaq. Ümid edirik ki, mövsümün gedişində "Kəpəz"in 8-ci məşqçisinin təyinatı və ya Fuad İsmayılovun 5-ci dönüşü haqda xəbərləri eşitməyəcəyik.

FƏRİD