Mirça Rednik: Bəziləri “Xəzər Lənkəran”ın uğur qazanmasını istəmir
23.11.2011 - 01:02
Mirça Rednik: Bəziləri  “Xəzər Lənkəran”ın uğur qazanmasını istəmir
“Sarı vərəqə limitini aşdığı üçün Adrian Pits qarşıdakı turda meydana çıxmayacaq. Emeka Opara məşq edir. Elvin Beçiri də zədəsini artıq sağaldıb, növbəti turda oynamaq ehtimalı böyükdür. Mario Rosas da məşqdədir və hər şey qaydasına düşür. İtkilərimizi yavaş-yavaş aradan qaldırırıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Premyer Liqanın XIV turunda Zaqatalada “Simurq”la qarşılaşacaq cənub təmsilçisinin rumıniyalı çalışdırıcı oyunla bağlı fikirlərini açıqlayıb. Bununla yanaşı, Rednik bəzi qüvvələrin “Xəzər Lənkəran”ın uğur qazanmasını istəmədiyini bildirib: “Mən komandama, futbolçularıma və azarkeşlərimizə inanıram. Təbii ki , nəticələr yaxşı olmayanda rəhbərlik narazı qala bilər. Bu normal haldır. Amma biz öz inamlı çıxışımızla hər şeyi arxada qoya biləcəyik. Bəziləri komandada ab-havanı pozmaq istəyir. Bu müəyyən qüvvələrin taktikasıdır. Ona görə də futbolçularıma mətbuatla əlaqə qurmağa yasaq qoymuşuq. Məhz bu səbəbdən yalnız mən müsahibə verirəm. Bunlar da komanda da ab-havanı qorumaq üçün nəzərdə tutulub. Təbii ki, məlum məğlubiyyətdən sonra və bu səbəbdən futbolçuların cərimələnməsini də nəzərə alsaq, oyunçularda ruh düşkünlüyü var idi. Bu da təbii qarşılanmalıdır. Belə məğlubiyyətdən sonra adama çox “sağ ol” deməzlər. Futbolçularıma anlatmağa çalışdım ki, məsuliyyəti mən daşıyıram, bu vəziyyətə özümüz düşmüşük və özümüz də bu vəziyyətdən çıxmalıyıq. Bəziləri “Xəzər Lənkəran”ın güclü çıxışını və uğur qazanmasını istəmir. Biz belə şeylərə fikir verməməyə çalışırıq və yolumuza davam edirik”.
Mənbə: bosman.at.ua