Arif Əsədov: Bəlkə, bu işə kölgə salmaq istəyənlər var?
04.12.2011 - 00:01
Arif  Əsədov: Bəlkə, bu işə kölgə salmaq istəyənlər var?
“Pro kateqoriyası almaq istəyən məşqçilərin qarşısında şərtlər qoyulub. Bunlardan biri əcnəbi klublarda təcrübə toplamaqdır. Mən artıq Şahin Diniyevlə birgə həm “Dinamo” (Kiyev), həm də “Terek”in (Qroznı) düşərgəsində olduq. Təcrübə xarakterli toplanışa indi getdim ki, yanvar ayında həyatın işini bilmək olmaz. Çünki həmin dönəmdə vaxtım olmaya bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.

Çempionlar Liqasındakı uğursuzluqdan sonra “ağ-qaralar”dan ayrılan Əsədov hələ də heç bir klubdan ciddi təklif almadığını deyib: “Düzü, dəvətlər olub. Amma ortada konkret bir şey olmadığına görə, danışmaq istəmirəm. Mən ucuz reklamları sevmirəm. Hələ ki, gözləyirik. Allah bilən məsləhətdir”.

Əsədovu Böyükağa Hacıyev əvəzləyəndən sonra “Neftçi” üçün bir neçə şey dəyişsə də, bəziləri eyni olaraq, qalır. Bu, hakimlərin, eləcə də AFFA-nın sonuncu Azərbaycan çempionatının qalibinə kömək etməsi ilə bağlı iddialardır. Əsədov hesab edir ki, “Neftçi”nin hazırda möhkəm kollektivi var: “Komandanın əsas heyəti ilə yanaşı, ehtiyat qüvvəsi, hazırlığı yerindədir. “Simurq”la səfərdə komanda uzun müddət azlıqda oynamasına baxmayaraq, qalib gəldi. İndi mən bu klubun məşqçisi deyiləm, heç bir bağlılığım da yoxdur. Sadəcə, düz danışmaq lazımdır. Əgər komanda oynaya bilməsə, bir hakim yox, heç 100 hakim də kömək edə bilməz”.

Gənc çalışdırıcı “Qəbələ” – “Neftçi” oyununun son saniyələrində baş verən kobud hakim səhvinə də münasibətini açıqlayıb: “Bilirsiniz, “Neftçi” klubunun rəhbəri idmana çox bağlı olan bir adamdır. Sadıq Sadıqov həqiqətən də Azərbaycanda futbolun, eləcə də idmanın inkişafı üçün işlər görür. Bəlkə bu işə kölgə salmaq istəyənlər var? Məsələnin digər tərəfini də düşünmək lazımdır”.