“Xəzər Lənkəran” rəhbərliyi üzr istədi
04.12.2011 - 20:36
“Xəzər Lənkəran” rəhbərliyi üzr istədi
“İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə edilən hərəkətdən hamımız təəssüflənirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

Bu gün Premyer Liqanın XV turunda keçirilən “Xəzər Lənkəran” – “İnter” matçı xoşagəlməz olayla yekunlaşıb. Belə ki, matçın sonlarında azarkeşlərin tribunadan atdığı daş qonaq komandanın baş məşqçisi Sxadadzenin başını partladıb.

Belə bir halı “Xəzər Lənkəran” kimi böyük bir camiəyəyə yaraşdırmayan Mənismov bildirib ki, “İnter” rəhbərliyi ilə həmişə sağlam və dostluq münasibətində olublar: “Elə azarkeşlərimiz də bu komandanı Lənkəranda həmişə yüksək qonaqpərvərliklə qarşılayıb və yola salıb. Təsadüfi deyil ki, hər iki komandanın fan-klubları daim dostluq münasibətində olaraq “Xəzər Lənkəran” - “İnter” oyununa “qardaşlıq derbi”si adını veriblər. Lakin təəssüflər olsun ki, hansısa xuliqan bu dostluğa kölgə salmaq istədi. Mən belə azarkeşi heç vaxt “Xəzər Lənkəran” azarkeşi saya bilmərəm”.

Mənsimov vurğulayıb ki, matç bitən kimi klub rəhbərliyi rəqib komandanın soyunma otağına gedərək, Sxadzedən baş vermiş hadisəyə görə üzr istəmiş və onun səhhəti ilə maraqlanıblar: “Mən bir daha belə halın baş verməsinə görə təəssüf hissimi bildirirəm. İnanmıram ki, bir xuliqanın etdiyi hərəkət “ Xəzər Lənkəran” – “İnter” dostluğuna zərrə də olsun təsir etsin. Bir daha belə halların baş verməməsi və günahkarın tapılması üçün hüquq-mühafizə orqanları ilə birgə addımlar atılacaq”.