“Qarabağ” 37 günlük, Bəxtiyar Soltanov 2 illik həsrətə son qoydu
05.12.2011 - 13:40
“Qarabağ” 37 günlük, Bəxtiyar Soltanov 2 illik həsrətə son qoydu
“Qarabağ” Premyer Liqada qələbə həsrətinə son qoydu. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi II dövrədə ilk qələbəsini “Turan”la səfər matçında qazandı. Bəxtiyar Soltanovun Tovuzdakı matçda 4-cü dəqiqədə vurduğu qol yeganə oldu – 1:0.

Qurban Qurbanovun çalışdırdığı komanda çempionatda axırıncı qələbəsini I dövrənin son turunda oktyabrın 28-də “Bakı” ilə Ağdamdakı matçda (2:1) qazanmışdı. Düzdür, komanda elə ötən həftə - noyabrın 30-da “Sumqayıt Şəhər”ə Ağdamda böyük hesabla (3:0) qalib gəlsə də, bu, ölkə kubokunun 1/8 final matçı idi. Ağdamlılar II dövrənin əvvəlində evdə “Sumqayıt Şəhər”lə “Neftçi”yə 1:2 hesabı ilə uduzmuş, “İnter”lə səfərdə bərabərliyə qalmışdı – 0:0.

Ağdamlılara 37 gündən sonra qələbəni gətirən Bəxtiyarın vurduğu qol özü üçün də əlamətdar oldu. Belə ki, 22 yaşlı hücumçu cari mövsümdən şərəfini qoruduğu “Qarabağ”ın heyətində çempionatda qol hesabını açdı. Soltanov bunadək digər yarışlarda bunu etmişdi. Yəni o, Ağdam təmsilçisinin heyətində Avroliqada “Banqa”ya (səfərdə 4:0), Azərbaycan kubokunda “Sumqayıt Şəhər”ə (evdə 3:0) böyük hesabla qalib gəldikləri fərqlənmişdi. Çempionatda fərqlənmək qalırdı ki, buna da nail olan futbolçu kuboku nəzərə alsaq, ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir.

Soltanov “Qarabağ”ın heyətində çempionatda qol hesabını açmaqla, özünün uzun müddətlik intizarına son qoydu. Belə ki, ötən çempionatda fərqlənməyən futbolçunun Premyer Liqada son qolu 2009/10 mövsümündə olmuşdu. Bəxtiyar XIII turda dekabrın 5-də “Standard”a səfərdə 4:3 hesabı ilə qalib gəldikləri oyunda rəqib qapısına yol tapmışdı. Özü də onda 1 yox, 2 qol vuran hücumçu 9 və 68-ci dəqiqələrdə etdiyi dublla qələbədə əsas pay sahibi olmuşdu. Göründüyü kimi, Bəxtiyar yenə dekabrın ilk günlərində öz sözünü dedi və çempionatda 2 illik həsrətini bitirdi.