Sadıq Sadıqov: Arazı mükafatlandırıb, “Renn” klubuna yola salacağıq
05.12.2011 - 13:47
Sadıq Sadıqov: Arazı mükafatlandırıb, “Renn”  klubuna yola salacağıq
“Komandamızın Azərbaycan çempionatları tarixində 1000-ci qolunu Araz Abdullayevin vurduğunu bilirik. Təbii ki, Araz buna görə mükafatını alacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Premyer Liqanın XV turunun “Simurq”la oyununda hesabı açmaqla, komandasının ölkə çempionatları tarixində 1000-ci qolunu vuran Araz Abdullayevin mükafatsız qalmayacağını bildirən Sadıqovun sözlərinə görə, belə əlamətdar hadisə diqqətdən kənarda qalmayacaq: “ Ümumiyyətlə, “Neftçi”nin hər oyununa mükafat qoyulur. 1000-ci qolun vurulması isə əlamətdar bir hadisədir. Üstəlik, Araz öz yetirməmizdir. Ölkənin ən istedadlı futbolçularından biridir. Arazı “Neftçi”nin 1000-ci qolunu vurması münasibətilə mükafatlandırıb, bu gün Fransaya yola salacağıq”.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olub “Neftçi”də icarədə olan Araz bu gün Fransanın “Renn” komandasının düşərgəsinə yollanır.

VÜQAR XEYRULLAYEV