“Tofiq Bəhramov”u bəzəmək üçün 160 əcnəbi sənətkar gəlir!
06.12.2011 - 00:00
“Tofiq Bəhramov”u bəzəmək üçün 160 əcnəbi sənətkar gəlir!
“Tofiq Bəhramov adına Respublika stadionunda söküntü işləri artıq başa çatıb. Hazırda paltardəyişmə otaqlarının yerlərinin qazılması işi gedir. Biz köhnə əşyalardan yalnız projektorları saxlamışıq. Çünki hazırda qış fəslinə doğru gedirik. Günəş tez batdığı üçün axşamlar projektor işığına ehtiyac duya bilərik. Amma onlar da tez bir zamanda yerindən götürüləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Dövlət başçısı prezidenti İlham Əliyevin sərəncamı ilə təmir və yenidənqurma işlərinə dayanan stadionda işlər son dərəcə sürətlənib. Söküntüdən fərqli, tikinti işlərinə əcnəbi mütəxəssislər dəvət olunacaqlar.

İsmayılov bildirib ki, cənubi koreyalı mütəxəssislər dekabrın 15-dək paytaxtımıza gələcəklər: “Onlar arenada tablonun quraşdırılmasında da bizə yardımçı olublar. Hazırda stadionda nə qədər işçinin çalışdığını tam deyə bilməsəm də, dekabrın 15-dək 160-a yaxın koreyalı Azərbaycana təşrif buyuracaq. Onlar stadionun müxtəlif işləri ilə məşğul olacaqlar. Onların hamısı sənətkardır”.

Respublika stadionunun yenidən qurulmuş vəziyyətdə açılacağı vaxt da demək olar ki, müəyyənləşib. İsmayılov bildirib ki, işlər bu sürətlə davam edərsə, aprelin əvvəlində arena azarkeşlərin və komandaların ixtiyarına veriləcək: “Gecikmə ola bilər. Amma bu çox cüzi ehtimaldır”.