“Rusiya yığmasına düşmək şansım çox azdır” - MÜSAHİBƏ
06.12.2011 - 13:05
“Rusiya yığmasına düşmək şansım çox azdır” - MÜSAHİBƏ
Milli komandamızın seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan Rusiyanın “Volqa” klubunun futbolçusu Şamil Qurbanov bu gün azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

- Hər dəfə mətbuata verdiyiniz açıqlamalarda Rusiya millisinin 21 yaşlılarından ibarət komandasında çıxış etmək istədiyinizi deyirsiniz. Lakin indi Azərbaycan yığmasının təlim-məşq toplanışına qatılmısınız.
- Mən gənc oyunçu olduğum üçün birinci dəfədir ki, əsas milli komandanın məşqlərində iştirak edirəm. İlkin təəssüratlarım çox xoşdur. Milli komandanın şərəfini qorumaq mənim üçün çox böyük şərəfdir. Hələ cəmi 18 yaşım var. Nə vaxt şans versələr, onda da oynayacağam.

- Millinin heyətində xoşuna gələn nə oldu?
- Burdakı ab-havadan razı qaldım. Bir çox futbolçu ilə ünsiyyət qurmuşam. Bir sözlə, özümü narahat hiss etmədim.

- Rusiya millisində oynamaq ehtimalının çox olduğunu demişdiniz.
- Nə vaxt mənə seçim etmək imkanı verilsə, onda öz valideynlərimlə məsləhətləşəcəyəm. Digər tərəfdən, mənə bu yöndə hər zaman doğru məsləhətlər verən insanlarla da söhbət edəcəyəm. Yalnız bundan sonra qərarımı verəcəyəm.

- Milliyyətiniz nədir?
- Mən Dağıstanda anadan olmuşam və ləzgiyəm.

- Özünüzü Azərbaycan millisində oynaya biləcək qədər perspektivli sayırsınız?
- Bəli. Əgər yaxşı oyunçusansa, hər çətinliyin öhdəsindən gələ biləcəksən.

- Əgər sabah sizə Rusiyanın gənclər millisindən oynamaq təklifi gəlsə, qəbul edəcəksiniz?
- Bilmirəm, hələ dəqiq heç nə söyləyə bilmərəm. Rusiyanın gənclər millisinin heyətinə düşmək şanslarım çox azdır. Çünki hazırda Rusiyanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan futbolçuların çoxu yerli Premyer Liqada çıxış edir. Bu üzdən fikirləşirəm ki, öz üzərimdə hələ çox çalışmalıyam.