PFL-dən mükafatlandırma mərasiminin yeni modeli - FOTO
06.12.2011 - 18:49
PFL-dən mükafatlandırma mərasiminin yeni modeli - FOTO
Premyer Liqada ayın ən yaxşı futbolçusu ilə bağlı mükafatlandırma mərasiminin paytaxtdan kənara çıxarılması planlaşdırılır. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, əyalət klublarından ən yaxşı seçilən futbolçuya mükafatın verilməyini doğma məkanda, həmin futbolçunun komandasının Premyer Liqada ev oyunu zamanı elə stadionda reallaşdırılmaq nəzərdə tutulub. Bununla, jurnalistlər həm oyunu, həm də mükafatlandırma mərasimini izləmək imkanına malik olacaqlar.

Şahgəldiyev sorğuda iştirak edən jurnalistlərin səslərinə hörmət edərək, seçimdə diqqətli olmağı tövsiyə edib. Belə ki, indiyədək ayın ən yaxşı futbolçusu ilə bağlı sorğuda qaliblər adətən hücumçular, yarımmüdafiəçilər, qol vuran futbolçular olur. Müdafiəçilərin ən yaxşı seçilməyi nadir hallarda olursa, qapıçılar ümumiyyətlə, diqqətdən kənarda qalıblar.

Təsadüfi deyil ki, “Qəbələ”nin və Latviya yığmasının qapıçısı Pavel Doroşev ötən mövsüm uzun müddət “quru seriya”sı ilə çempionatımızın rekordunu müəyyənləşdirsə də, həmin ayın ən yaxşı futbolçusu seçilmədi. Bu mənada ay ərzində fərqlənən qapıçının mükafatlandırılması nominasiyasının tətbiq olunmağına müsbət rəy verilərsə, gələcəkdə bunun gerçəkləşdiriləcəyi bildirildi.

Bundan əlavə, ayın futbolçusuna konkret sayda namizədlər müəyyənləşdirilib, mütəxəssislərlə birgə seçim edilməyi də götür-qoy edilir.

Qeyd edək ki, ayın ən yaxşı futbolçusunu mükafatlandıran “Unibank”la PFL ilin yekunu ilə bağlı bu ayın sonunda tədbir keçirəcək.

Mehman SÜLEYMANOV