Milli komandamızın rəqibi tarixi oyunun iştirakçısı olacaq
06.12.2011 - 19:16
Milli komandamızın rəqibi tarixi oyunun iştirakçısı olacaq
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması növbəti yoldaşlıq görüşündə rəqibi müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kriştianu Ronaldonun kapitanı olduğu yığma gələn ilin fevralın 29-da Polşa millisinin qonağı olacaq. Artıq Portuqaliya futbol Federasiyası və Polşa Futbol İttifaqı arasında razılıq əldə olunub.

Bu, Varşavadakı milli stadionda ilk beynəlxalq oyun kimi tarixə düşəcək. 58 minlik tutumu olan yeni arenanın rəsmi açılışının gələn ilin əvvəlində Polşa Superkuboku oyunu ilə reallaşmağı planlaşdırılıb. Həmin matç Varşavanın “Legiya” və Krakovun “Visla” klubları arasında keçiriləcək. Polşa paytaxtındakı stadionda bundan 2 həftə sonra isə beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Varşavada milli stadion köhnə “10 illik stadionu”nun yerində tikilib. Orada Avro-2012-nin açılış oyunu – iyunun 8-də Polşa – Yunanıstan matçı keçiriləcək.