“Neftçi” heç vaxt bizi 5:0 hesabı ilə məğlub edə bilməz” - MÜSAHİBƏ
07.12.2011 - 13:43
“Neftçi” heç vaxt bizi 5:0 hesabı ilə məğlub edə bilməz” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Öncə komandanızda baş verən baş məşqçi dəyişikliyi barədə danışaq. Mirça Rednik sizə hər oyunda güvənirdi. Onun gedişi haqda nə deyə bilərsiniz?
- Heç kim istəməzdi ki, komandada belə dəyişiklik olsun. Şəxsən onun gedişi mənə pis təsir etdi. Amma rəhbərlik belə qərar verirsə, biz heç nə deyə bilmərik. Bizim işimiz futbol oynamaqdır. Yeni baş məşqçi gəlib, ona ancaq və ancaq uğurlar arzulayıram. Oynamaq lazımdır. Biz çempionluq üçün mübarizə aparırıq. Düzdür, indi liderdən 3 xal geridəyik. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq.

- Komandanızın çempionatda ardıcıl 4 oyunda qələbə qazanmamağının səbəbi nədir? Belə bir fikir formalaşıb ki, bəzi futbolçular Rednikin rəhbərliyi altında oynamaq istəmirmiş...
- Bu haqda heç nə bilmirəm. Şəxsən mənim Redniklə münasibətim çox yaxşı idi. Düzdür, o, mənim qara qaşıma, qara gözümə vurulmamışdı. Kim yaxşı oynayırsa, baş məşqçi onu əsas heyətə daxil edir. Mən öz işimlə məşğul olurdum, o da öz işi ilə. Rednik haqqında heç vaxt pis danışa bilmərəm.

- Redniki məşqçi kimi necə xarakterizə edərdiniz. Onda başqa məşqçilərdə olmayan hansı keyfiyyətlər vardı?
- Çox məşqçi ilə işləmişəm. Rednik deyirdi ki, ancaq irəli baxın, bizə futbol oynamağı öyrədirdi. Avropada uğur qazanmaq üçün hansı tərzdə oynamaq lazım olduğunu başa salırdı. Öyrənmək məsələsi isə futbolçulardan asılı idi. Eləsi var 100 faiz, eləsi də var 20 faiz mənimsəyirdi. Çox xarakterli insan idi. Amma uğursuzluğu təkcə onun üzərinə atmaq düzgün deyil. Bu, hamımızın günahıdır.

- “Neftçi” ilə görüşdən sonra başlayan həmin uğursuzluq hələ də davam edir. Sizcə, problemin kökündə nə dayanır?
- Bilirsiniz, necədir? Bizim “Neftçi” ilə oyundan öncə planlarımız pozulmuşdu. 0:5 hesabı ilə uduzduq. Mənim həyatımda belə məğlubiyyətlər az olub. Amma bir məğlubiyyətə görə üzülmək olmaz. Kişiyik, sınmamalıyıq, döyüşməliyik. Hamımız uğur axtarırıq. Gəlin, bir fakta nəzər salaq. “Neftçi” ilə keçirdiyimiz 12 oyunun 11-də qalib gəlmişik. “Neftçi” bizimlə 10 dəfə də oynasa belə, 5:0 hesablı qələbə qazana bilməz. Deyərdim ki, həmin gün oyunumuz alınmadı. Bəli, razıyam ki, “Neftçi” ilə qarşılaşmadan sonra komandada ruh düşkünlüyü yarandı. Kollektivə zərbə dəydi. Biz başqa komandaya da uduza bilərdik. Amma əzəli rəqibə, həm də böyük hesabla məğlub olmaq, bizə pis təsir göstərdi. Həmin oyunla futbol bitmədi. Qarşıda hələ görüşəcəyik.

- Qış fasiləsinədək baş məşqçini istefaya göndərmək nə dərəcədə düzgün addım idi?
- Əlbəttə ki, dəyişikliklər, eksperimentlər qaçılmazdır. Amma istənilən halda, hər bir şəxsə şans vermək lazımdır. Bu, o demək deyil ki, Cüneyt Biçər sabah uduzsa, zəifdir. Mənə elə gəlir ki, biz yenə uduza, yenə qalib gələ bilərik.

- Amma Rednikdən fərqli, Cüneyt Biçərin futbolçu və məşqçi kimi Avropa təcrübəsi yoxdur. Bu, hansısa əngəl yarada bilərmi?
- Düzü, Cüneyt Biçərlə əvvəllər işləməmişəm. Sadəcə, fakt odur ki, Biçər “Bakı” ilə ölkə kubokunu qazanıb, Azərbaycan çempionatında ikinci pilləni tutub. Əgər Biçər bunu reallaşdırıbsa, deməli, nəsə bacarır.

- İlk dövrənin “Qarabağ”a qarşı keçirilən oyununda heç də xoş olmayan hadisələr yaşanmışdı. Rauf Əliyevlə Əfran İsmayılov iddia edirdi ki, siz onlara qarşı bilərəkdən kobud oynamısınız. Yəqin ki, bu dəfə belə narazılıqlar olmayacaq....
- Əvvəla 4-cü sarı vərəqə aldığım üçün mən qarşıdakı matçda iştirak etməyəcəyəm. Vallah heç kimi bilərəkdən vurmaram. Sadəcə, məğlub olmağı sevmirəm. Ölüm, amma uduzmayım. Mən belə xarakterli adamam. Heç vaxt şəxsi uğurumu düşünüb, şan-şöhrət dalınca qaçmamışam. Həyatda bir prinsipim olub, komandaya xeyir vermək.

- “Xəzər Lənkəran”dan fərqli, milli komandanın baş məşqçisi postunda dəyişiklik olmadı. Son vaxtlar sizi əsas heyətdə oynatmayan Berti Foqtsun işə davam etməsinə münasibətiniz necədir?
- Çalışacağam ki, yığmada öz yerimi itirməyim. Bu, o demək deyil ki, Ufuk Budak iki oyundur oynayır, o artıq əsas heyətin üzvü olmalıdır. Bu, tamamilə yanlış yanaşmadır. Mən uzun müddətdir ki, yığmadayam. Necə oynadığımı da hamı görür. Ufuk perspektivli futbolçudur. Oyunu yaxşı alındığı üçün əsas heyətdən kənarda saxlamaq da düzgün alınmaz. O, mənim qardaşımdır. Sadəcə, onu deyirəm ki, mən heç kimdən çəkinmirəm və yerimi kiməsə verməyə hazırlaşmıram. Bunu sübut edəcəyəm.