Tərlanı tez vurdular
07.12.2011 - 14:47
Tərlanı tez vurdular
Premyer Liqada antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, AZAL-ın yarımmüdafiəçisi Tərlan Xəlilov cari mövsümdə ən erkən qırmızı vərəqə alan futbolçu olub.

XV turda “Bakı” ilə ev oyununun 77-ci dəqiqəsində meydana daxil olan futbolçu 86-cı dəqiqədə qovulub. Tərlan həmin 9 dəqiqədə 2 sarı vərəqə almağa imkan tapıb. 79-cu dəqiqədə rəqibi arxadan tutduğu üçün cəzalandırılan Xəlilovin 2-ci “sarı”sı diqqəti çəkən olub.

Belə ki, baş hakim Anar Salmanov futbolçunun meydana icazəsiz daxil olduğunu bildikdən sonra daha bir sarı, ardından qırmızı vərəqə göstərib. Göründüyü kimi, Tərlanın qovulmağına gətirən hərəkəti yersiz olub və öz səhlənkarlığının qurbanına çevrilib.

İstənilən halda, Xəlilov antirekordçu oldu və milli komandamızın kapitanı Mahir Şükürovun göstəricisini “yaxşılaşdırdı”. “Qəbələ”nın kapitanı oyunun 12-ci dəqiqəsində qırmızı vərəqə almışdı. Əsas fərq Mahirin bunu birbaşa almağıdır. Özü də həmin antirekord da AZAL-ın oyununda qeydə alınmışdı. Şükürov Xəlilovun mərakeşli komanda yoldaşı Zohair Benouahiyə kəllə atdığına görə baş hakim Əliyar Ağayev tərəfindən meydanda qovulmuşdu.

Cari mövsümdə qırmızı vərəqələrlə bağlı kuryoz hadisələr zəngindir. Bunlar isə “İnter”in futbolçularının ifasında olub. Belə ki, Samir Zərgərov “Neftçi” ilə səfər matçında əvəzləndikdən sonra texniki zonada qeyri-etik ifadələrə görə qırmızı vərəqə aldı. “İnter”in gürcü qapıçısı Georgi Lomaya isə “Bakı” ilə başa çatdırılmayan oyunda təhqiramiz sözlərə görə sərt cəzalanmışdı.

Tərlan kimi sonradan oyuna girərək, qırmızı vərəqə alan futbolçu da var. Belə ki, “Xəzər Lənkəran”ın oyun sayında rekordçusu Alim Qurbanov “Bakı” ilə səfər oyununda qısa müddətdə 2 sarı alıb. Ümumiyyətlə, 26 qırmızıdan çoxu – 15-i 2-ciyə, qalan 11-i birbaşa olub. “Xəzər Lənkəran”, “Simurq”, “Rəvan” hərəyə 3, AZAL-la “Neftçi”, “Bakı”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Kəpəz”, “Turan” 2, “Sumqayıt Şəhər” 1 futbolçusu qırmızı alıb.

Göründüyü kimi, Premyer Liqamızın 12 təmsilçisinin hamısının futbolçusu meydandan qovulub.

Premyer Liqanın cari mövsümündə qırmızı vərəqə alan futbolçular

Simurq67 dəqiqə (birbaşa)Aleksandr Şemonayev
Neftçi89 (2-ci sarı)Alessandro Viana da Silva
Xəzər Lənkəran29 (2-ci) Alim Qurbanov
Sumqayıt Şəhər18 (birbaşa)Andrey Popoviç
Qəbələ44 (2-ci)Bruno da Silva
Bakı73 (2-ci)Cəmşid Məhərrəmov
Kəpəz74 (2-ci) Ceyhun Sultanov
Rəvan56 (2-ci)Əkrəm Hodziç
Xəzər Lənkəran63 (2-ci)Elnur Allahverdiyev
Qarabağ82 (2-ci) Georgi Adamiya
Turan45 (birbaşa)Georgi Beriaşvili
İnterKənarda (birbaşa)Georgi Lomaya
Bakı81 (2-ci sarı)İbrahim Karqbo
Simurq65 (birbaşa)İlkin Qırtımov
Xəzər Lənkəran80 (2-ci)Katalin Doman
Qəbələ12 (birbaşa)Mahir Şükürov
Kəpəz45 (birbaşa) Razvan Tarlea
Qarabağ90 (2-ci sarı)Rəşad Sadiqov
Turan70 (2-ci)Ruslan Abbasov
Neftçi82 (birbaşa)Ruslan Abışov
İnterKənarda (birbaşa)Samir Zərgərov
Rəvan76 (birbaşa)Şeriff Suma
Rəvan48 (birbaşa)Tagim Novruzov
AZAL9 (2-ci)Tərlan Xəlilov
Simurq63 (2-ci)Vasili Yanotovski
AZAL40 (birbaşa)Viktor İqbekoyi


Mehman SÜLEYMANOV